Cəmiyyət 6 İyun 2022, 16:17 | Baxış sayı: 310
"Azərbaycana qarşı anoloji xətti seçəcək digər mətbu orqanlarını da “RİA Novosti”nin taleyi gözləyir".

““RİA Novosti” agentliyinin fəaliyyətinin Azərbaycanda bloklanması haqlı addımdır. Məhz belə də olmalıdır, çünki bu agentlik separatçıları birbaşa, açıq şəkildə dəstəkləyir. “RİA Novosti” Qarabağdakı separatçıların üzvlərindən biri Artak Beqlaryandan müsahibə alıb. Bu müsahibədə çox açıq şəkildə heç bir diplomatik qayda və prinsiplərə əməl etmədən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşı həqarətli davranış ortaya qoyulub. Eyni zamanda separatçının müsahibəsində Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazi məhz "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edilib. Artak Beqlaryanı isə onlar "dövlət naziri" kimi cəmiyyətə sırımaq istəyirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, belə davranış tərzi, heç şübhəsiz, Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və sabahına kölgə salır: “Nəzərə alsaq ki, Azərbaycanla və Rusiya arasında 1997-ci ildə imzalanmış “Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında” Saziş var. Eyni zamanda 2022-ci il fevralın 22-də iki ölkə arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Münasibətlərimiz ən yüksək səviyyədədir. Belə olan vəziyyətdə, necə ola bilir ki, “RİA Novosti” kimi Rusiyanın tanınmış agentliyi açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı qanunazidd davranış ortaya qoyur, separatçının yanında yer alır? Məgər onlar bilmirlər ki, Rusiya Prezidenti Vladimir Putinin də imzası olan Azərbaycan və Ermənistan siyasi liderlərinin birgə imzaladığı bəyannamə var? Həmin bəyannamədə yazılıb ki, Qarabağda bir nəfər də olsun əlisilahlı erməni qalmamalıdır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı məlum əraziyə daxil olması ilə paralel şəkildə həmin separatçılar tamamilə ərazini tərk etməlidirlər. Amma bütün bunlar baş verməyib. Nəinki baş verməyib, hətta bu gün separatçılara açıq dəstək verən Rusiyanın dövlət agentliyi “RİA Novosti”nin fəaliyyətində özünü göstərir. Bunlar qəbuledilməzdir və haqlı olaraq Azərbaycan ictimaiyyətində böyük narazılığa səbəb olub. Suallar yaranır ki, rus sülhməramlıları niyə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir? Əksinə, separatçıların bir çox hallarda fəaliyyətinin şirniklənməsinə gətirib çıxaracaq davranış ortaya qoyur, 10 noyabr bəyannaməsinin şərtlərindən irəli gələn addımları atmır. Bütün bunlar təbii ki, Azərbaycan cəmiyyətini narahat edən məsələlərdir. Anoloji xətti seçəcək mətbu orqanlarını da eyni tale gözləyəcək. Hesab edirəm, “RİA Novosti”nin bloklanması oxşar yolu seçmiş və ya seçmək niyyətində olan Rusiyaya məxsus digər informasiya agentliklərinə də dərs olmalıdır”.

Xəbərlər