“Azərbaycan yalnız öz ərazisində olan qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı keçirir”
“Ermənistan işğalına son qoyulduqdan keçən bu 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirməyə çalışdı. Açıqlanan son məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də qalmaqdadır. Həmçinin xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları həmin ərazilərdə yerləşdirilib. Niyyət isə bəllidir: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq. Son 3 ildə biz bunun dəfələrlə şahidi olmuşuq.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ötən gecə düşmənin xain mina terror nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu: “Bu, onu göstərir ki, düşmən çirkin əməllərindən heç bir halda əl çəkən deyil. Odur ki, hazırda Azərbaycan tərəfinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri onun tam suveren haqqıdır, sülh və sabitliyin bərqərar edilməsi üçün vacib addımdır”.
AHİK sədri əlavə edib ki, Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi: “İnanırıq ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini tezliklə tərksilah edəcək və öz ərazilərindən çıxararaq ölkəmizin konstitusiya quruluşunu bərpa edəcək”
ulusal.az