Siyasət 18 May 2023, 16:21 | Baxış sayı: 78
“Azərbaycan xalqı Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinin tərəfdarıdırsa...”

“Doğrudan da Azərbaycan xalqı Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinin tərəfdarıdırsa, bu məsələyə dövlətlərarası razılaşma əsasında baxıla bilər. Sözsüz ki, bu, çox yaxşı təklifdir. Bir vətəndaş kimi hər birimiz bu təklifin tərəfdarıyıq. Ancaq müəyyən prosedur və qaydalar var ki, onlar razılaşdırılmalıdır və həmin qaydalar əsasında bu məsələ həyata keçirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında çox böyük rolu olan bir şəxsiyyətdir. Əlbəttə ki, onun xidmətləri daim Azərbaycan xalqı tərəfindən yad edilir. Məhəmməd Əmin Rəsulzadəyə böyük hörmət və ehtiram ifadəsi olaraq onun adına küçələr, abidələr yaradılıb, çoxsaylı əsərlər, məqalələr çap edilib. Onun demokratik respublika qurulmasında oynadığı rolu yüksək qiymətləndirilir. Sözsüz ki, Azərbaycanın azadlığı, inkişafı uğrunda mübarizə aparan hər bir rəhbərin, şəxsin xatirəsi Azərbaycan xalqı üçün əzizdir, onların daim yad edilməsi hər birimizin borcudur", - deputat bildirib.

Xəbərlər