Siyasət 15 May 2023, 16:01 | Baxış sayı: 99
“Azərbaycan vətəndaşları Türkiyə ilə nəfəs alırlar”

“Heç kimə sirr deyil ki, Türkiyədə baş verən proseslər Azərbaycanda yaxından izlənilir. Azərbaycan vətəndaşları da Türkiyə ilə nəfəs alırlar. Bu baxımdan, Azərbaycan cəmiyyəti tərəfindən seçkilərin yaxından izlənilməsi, müzakirə edilməsi normaldır. Lakin istənilən halda unutmamalıyıq ki, bizim səs vermək hüququmuz yoxdur. Yalnız öz istəyimizi və rəğbətimizi bildirə bilərik. Böyük əksəriyyətin Ərdoğana rəğbət bəsləməsinin əsas səbəbi 44 günlük Vətən müharibəsindən öncə, müharibədə və müharibədən sonrakı dönəmdə Türkiyənin açıq formada Azərbaycana öz dəstəyini nümayiş etdirməsi, Azərbaycana bütün beynəlxalq layihələrində dəstək olması, bütün beynəlxalq platformalarda Azərbaycana qardaş, strateji müttəfiq münasibəti bəsləməsidir. Bu baxımdan, Ərdoğana qarşı rəğbətin çox olması, məncə, müsbətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, müxalifətdə təmsil olunan Kamal Kılıçdaroğlunun son paylaşımları, xəritə, İpək yolu layihəsi ilə bağlı səsləndirdiyi fikirlər ona qarşı müəyyən dərəcədə qəzəb doğurub: “Bu baxımdan, Azərbaycanda Ərdoğana qarşı rəğbət daha da artdı. CHP-nin bir çox təbliğatçıları, konkret mövqe tutan jurnalistləri Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirdilər. Bu da Azərbaycan cəmiyyətində Kılıçdaroğluna qarşı müəyyən dərəcədə qəzəbi artırdı. İstənilən halda Türkiyədəki heç bir siyasi liderin Azərbaycan əleyhinə fikir səsləndirməsi normal qarşılanmır. Çünki Türkiyə xalqı Azərbaycana öz qardaşı deyir. Kimin siyasi rəhbərlikdə olmasından asılı olmayaraq, Azərbaycana qarşı atılan istənilən mənfi addım türk cəmiyyəti tərəfindən yaxşı qarşılanmır. Biz bayraq böhranını xatırlayırıq. O böhranı yaradan şəxslər hazırda siyasi səhnədə olmağa çalışsalar da, əvvəlki nüfuzları və gücləri yoxdur. Türk cəmiyyəti həmin şəxslərə öz yerlərini bildirdilər. Bu baxımdan, seçkilərin Azərbaycanda ətraflı müzakirə edilməsi normaldır. Çünki Azərbaycan Türkiyə ilə, Türkiyə də Azərbaycanla nəfəs alır. Düşünürük ki, bu seçkilər həm Türkiyə, həm də Azərbaycan üçün faydalı olacaq. Allahın izni ilə, layiq olan prezident seçkilərində qalib gələcək. Ümumiyyətlə, Türkiyə xalqının böyük əksəriyyəti yenidən Rəcəb Tayyib Ərdoğana və onun rəhbərlik etdiyi partiyaya səs verməklə öz seçimini etdi, Ərdoğana və onun siyasi görüşlərinə, hakimiyyətinə növbəti dönəm üçün bir şans tanıdı. Türkiyə çox ağır bir prosesdən keçir. Pandemiya, pandemiyadan sonra terrorla mübarizə və ardından zəlzələ istər-istəməz Türkiyədə böyük çətinliklər ortaya çıxardı. Türkiyədə iqtisadi vəziyyətin ürəkaçan olmamasına baxmayaraq, xalq yenə Ərdoğana səs verməklə onun 21 illik əziyyətinə, zəhmətinə doğru-düzgün qiymətini verdi. Prezident seçkiləri indiki nəticələrə görə, ikinci tura qalır. Parlamentdə böyük çoxluğu əldə etməsi Ərdoğana prezident seçkilərində də əsas namizəd, qalib lider olması üçün çox böyük şans yaradır. Amma istənilən halda mayın 28-dək vaxt var. Həmin günədək prosesləri yaxından izləyəcəyik”.

 

N.Həmzəyev “Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqlar arasında dostluq münasibətləri davam edəcək, xalqların münasibətləri liderlərdən asılı deyil” kimi fikirlərə isə belə cavab verib: “Azərbaycan və Türkiyə xalqlarının münasibətləri tarixi kökə dayanır. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. İki dövlət, tək millətik - buna heç kimin şübhəsi yoxdur. Türkiyə cəmiyyəti də Azərbaycan xalqını sevir. Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına, strateji müttəfiqliyinə heç kim kölgə sala bilməz. Təbii ki, liderlərin bu münasibətlərin inkişaf etdirilməsində çox böyük rolu olub. Xüsusilə cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev arasındakı dostluq münasibətləri dövlətlər arasında münasibətlərin üst səviyyəyə gəlib qalxmasına şərait yaradıb. 1990-cı illərin əvvəllərinə nəzər salsaq, görərik ki, Azərbaycanın ən çox köməyə, dəstəyə ehtiyacı olduğu bir dönəmdə Türkiyə Azərbaycana heç iki vertolyot vermədi, qaçqın və məcburi köçkünlərimizin çıxarılmasına dəstək göstərmədi. Həmçinin Qarabağ probleminin həllində də məhz Türkiyə tərəfindən lazımi dəstəyi hiss etməmişdik. Faktiki olaraq Türkiyə başqa güclərin, dövlətlərin təsiri altında idi. Bu baxımdan, həmin dövrdəki liderlər Azərbaycana lazımi dəstək verə bilmirdilər. Lakin Ərdoğan iqtidarında Azərbaycanla yaxınlaşmanın daha çox şahidi olduq. Xüsusilə Azərbaycanın güclənməsi, Türkiyə ilə münasibətlərinin yaxşı səviyyədə olması nəticə etibarilə Azərbaycanın ən böyük problemi olan Qarabağ probleminin həllinin mümkünlüyünü reallaşdırdı. Azərbaycan vətəndaşlarının Ərdoğana rəğbət bəsləməsi, məncə, normaldır. Ərdoğanın, xüsusilə AK Partiyanın iqtidarda olduğu dönəmdə biz Türkiyədən daha çox dəstək almışıq, Türkiyənin dəstəyini hiss etmişik. Ümid edirik ki, növbəti dönəmlərdə də bu dəstək davam edəcək. Ərdoğanın açıqladığı kimi, o, növbəti dəfə seçkilərə qatılmayacaq. AK Partiyanın növbəti namizədi, yaxud siyasi hakimiyyətə gələcək Türkiyədəki yeni liderlər də Azərbaycanla dostluq-qardaşlıq münasibətlərini davam etdirəcəklər. Azərbaycanla birgə əldə edilmiş uğurlar daha da inkişaf etdiriləcək. Bu, Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirəcək. Liderlərin xalqlar arasında münasibətlərin inkişafına, gücləndirilməsinə çox böyük töhfəsi var. Xüsusilə hal-hazırda türk dövlətlərinin birgə adddım atması ilə bağlı mühüm qərarlar verilib. Bu, Azərbaycan və Türk Dövlətləri Təşkilatının inkişafına, türk birliyinin əldə olunmasına çox böyük töhfələr verib. Düşünürəm, növbəti beş ildə də bu dəstəyin, xidmətlərin şahidi olacağıq. Gələcəkdə də siyasi rəhbərlikdə təmsil olunacaq liderlər Azərbaycan - Türk Dövlətləri Birliyinin daha da inkişafını istəyəcəklər. Türkiyə və Azərbaycan xalqı da bunu istəyir. Heç kim xalqların istəyinə, iradəsinə qarşı  çıxa bilməz. Düşünürəm, hazırkı seçkilərin nəticəsində asılı olmayaraq Türkiyə-Azərbaycan qardaşlığı davam etdiriləcək. Hər bir Türkiyə-Azərbaycan vətəndaşı münasibətlərin inkişafına töhfəsini verəcək”.

Xəbərlər