“Azərbaycan Türkiyə üçün vazgeçilməz ölkədir”
"Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra Azərbaycan Reapublikasına səfəri böyük əhəmiyyət daşıyır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Deputat bildirib ki, ənənəvi olaraq Türkiyə dövlət başçıları ilk səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə edirlər:
"Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətindən sonra ilk səfərini Azərbaycana etməsi siyasi-diplomatik, geosiyasi, geoiqtisadi, müdafiə, təhlükəsizlik baxımdan çox təsirlidir.
Ümumiyyətlə, Azərbaycan Türkiyə üçün vazgeçilməz ölkədir. Bizim münasibətlərimizin dərin təməlləri var və bizi sıx amillər birləşdirir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, biz bir millət, iki dövlətik".
M.Qasımlı qeyd edib ki, bu səfər zamanı heç şübhəsiz ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın prespektivləri müzakirə ediləcək:
"Ən vacib məsələlər: nəqliyyat, kommunikasiya və digərləri də müzakirə obyekti olacaq. Hesab edirəm ki, bu səfər formalaşmış Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə davamı olacaq".