“Azərbaycan – Türkiyə münasibətləri tarixi köklərə əsaslanır”
Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri çərçivəsində keçirilən mətbuat konfransında iki ölkə arasındakı münasibətlərin bugünkü inkişaf səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Türkiyə ilə münasibətlər tarixi zirvədədir: "2021-ci ildə iki dövlət arasında imzalanan Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün türk həmkarımla bütün sahələrdə müzakirələr nəticəsində Azərbaycan - Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq". Türkiyəli nazir də öz növbəsində Azərbaycanla əlaqələri hər sahədə inkişaf etdirməyin tarixi vəzifə olduğunu vurğulayıb: “Hər şeydən əvvəl kommunikasiya və enerji xətləri məsələsində təhlükəsizlik çox önəmlidir. Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb.TAP-ın genişləndirilməsi vacibdir. Təməli atılan Iğdır-Naxçıvan qaz kəməri ilə enerji sahəsində əməkdaşlığımızı yeni səviyyəyə çatdırdıq”, H.Fidan əlavə edib.
Azərbaycanla Türkiyə arasında hər sahədə inkişaf edən əlaqələrin önəmindən danışan Milli Məclisin deputatı Anar İsgəndərov açıqlamasında deyib ki, bu münasibətlər tarixi köklərə əsaslanır:
“Azərbaycan və Türkiyə münasibətləri özünün zirvəsini yaşayır. 20-ci əsrin əvvəllərində Balkan müharibələri başlayarkən Çar Rusiyasının təbəəsi olmağımıza baxmayaraq Osmanlı dövlətinin haqq davasının müdafiəsi etdik. Daha sonra I Dünya müharibəsində də Osmanlıya dəstəyimizi göstərdik, Çanaqqala döyüşündə minlərlə şəhid verdik, döyüşdə könüllü iştirak etdik. 1918-ci ilin may ayında müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini qurduq. O zaman da köməyimizə gələn Qafqaz İslam ordusunun timsalında Osmanlı dövləti oldu. Həmin vaxt şəhid olanların xatirəsini əbədiləşdirən Türk məzarlığı bu gün bütün azərbaycanlıların ziyarət etdiyi müqəddəs yerlərdəndir. 44 günlük müharibədə də Azərbaycan Türkiyəni yanında gördü. Nəhayət antiterror əməliyyatlarında da Türkiyənin dövlətimizi bütün beynəlxalq təşkilatlarda, digər dövlətlərin yanında müdafiə etdiyinin şahidi olduq. Şuşa Bəyannaməsi iki ölkə arasındakı dostluğun, qardaşlığın, müttəfiqliyin təminatıdır”.
demokrat.az