Siyasət, İqtisadiyyat 19 Oktyabr 2023, 4:45 | Baxış sayı: 187
"Azərbaycan tarixdə heç zaman bugünkü qədər güclü olmayıb"

Azərbaycanın dövlətçilik tarixinin ən parlaq dövrü İlham Əliyevin prezidentliyi dövrünü əhatə edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, son 20 ildə Azərbaycan sürətlə inkişaf edərək böyük bir tarixi missiyasını icra edib: “Dünya tarixinin son 50 ilinə baxsaq, görərik ki, heç bir dövlət öz ərazisini müharibə yolu ilə işğalçılardan azad edə bilməyib. Azərbaycan isə bu şanlı səhifəni Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək diplomatik məharəti və güclü iradəsi ilə yaza bilib. İqtisadiyyatı neftlə bağlı olan ölkələrin xalqlarının hamısı heç də xoşbəxt ola bilmir. Azərbaycan xalqı neft gəlirlərindən səmərəli istifadə etməklə güclü qeyri-neft iqtisadiyyatı formalaşdırıb. Ümumi iqtisadi gücümüzün artması ordu quruculuğunu önə çəkməyimizə imkan verdi. Güclü ordu isə ölkənin suverenliyin təminatçısıdır”.

Azər Badamov qeyd edib ki, son iki yüz illik tariximizdə torpaqlarımızı itirə-itirə gəlmişik: “Amma Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə bir ilkə imza atdı. Azərbaycan artıq qalib ölkə, xalqımız isə qalib xalqıdır. Azərbaycan ordusu dünyanın ən güclü ordusu olan ölkələrə nümunə göstərdi. 24 saata yaxın aparılmış lokal xarakterli antiterror tədbirləri heç bir mülki insana zərər yetirmədən 10 mindən çox qeyri-qanuni silahlını tərk silah etməklə torpaqlarımızda yara kimi qalmış separatçılığı məhv etdi. Bu, yeni bir Zəfər səhifəmizdir”.

Deputat bu gün Azərbaycanın bütün ərazilərinin çiçəkləndiyini vurğulayıb: “30 il erməni işğalı altında qalaraq boz zonaya çevrilmiş ərazilər yenidən tikilərək cənnətə çevrilir. 2026-cı ilə qədər Böyük Qayıdışa dair Dövlət Proqramının birinci mərhələsinin icrası nəticəsində uzun illər inkişaf üzünə həzrət qalan ərazilərdə 8 şəhər və 100 kənd yenidən tikiləcək, 140 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdacaq. Torpaqlarımız işğal altında olduğu dövrdə yaşayış məntəqələrimizi itirdiyimiz tarixləri bir nisgil içində qarşılayırdıqsa, indi biz yenidən tikilmiş şəhərlərdə Şəhər günlərini böyük bayram şənlikləri ilə qeyd edirik. Bu gün Prezident İlham Əliyev Füzulinin Şəhər Günündə füzulilərlə bir arada oldu və onları təbrik etdi. Bundan sonra dövlət başçımızın rəhbərliyi altında qalib xalq olaraq ancaq bayramları qeyd edəcəyik. Prezident İlham Əliyev 20 il əvvəl Ümummilli Lider Heydər Əliyevə və xalqa verdiyi vədi icra etdi. Bu gün dahi liderin və şəhidlərimizin ruhları şaddır. Azərbaycan dövləti tarixdə heç zaman bugünkü qədər güclü olmayıb və qalib sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəkdə də böyük uğurlara imza atacaq”.

APA

Xəbərlər