Siyasət 14 Sentyabr 2022, 14:28 | Baxış sayı: 165
"Azərbaycan son məqsədinə nail olmaq üçün bütün addımları atacaq"

“Baş verən son hadisələr bütün hallarda Ermənistanın təxribatı kimi qiymətləndirilməlidir. Bunu hər birimiz nəzərə almalıyıq. Ermənistan tərəfindən təxribat törədilib və qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınıb. Azərbaycan sülhə maraqlıdır, dəfələrlə bu barədə Ermənistanla müzakirələr aparırıq. Amma Ermənistan danışıqlar masasında bir mövqe bildirir, sonrakı dövrdə isə fərqli mövqe nümayiş etdirir, prosesi pozur. Görünən budur ki, rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasında maraqlı deyil”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu sözləri Pravda.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, rəsmi İrəvan sülh prosesini uzatmağa çalışır: “Daha çox çalışır ki, beynəlxalq ictimaiyyətin fikrini bu istiqamətə yönləndirsin, Azərbaycanı “təcavüzkar” kimi düyaya tanıtdırsın. Əslində isə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Bəli, Ermənistan sülhə məcbur edilməli, təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır. Ermənistan bir neçə istiqamətdə atəşkəsi pozub, Zəngəzurda Sərhəd Qoşunlarımıza hücum edib, Daşkəsəndə, Kəlbəcərədə, Laçında da bunu edib. Belə olan halda, Azərbaycan özünü müdafiə etməlidir. Bu istiqamətdə də addımlarını atır. Ermənistan bilməlidir ki, bu yoldan Azərbaycanı heç kim və heç nə çəkindirə bilməz. Azərbaycan son məqsədinə də nail olmaq üçün bütün addımları atacaq. Bir qarış torpağını belə işğal altında qoyamayacaq”.

Xəbərlər