“Azərbaycan separatizmin yuvasını dağıtdı”
“Tarix kitablarında böyük qələbəmizin strateji əhəmiyyəti, əldə edilmiş nəticələr haqqında xeyli yazılacaq”.
Bunu açıqlamasında Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin ötən gün Xankəndi, Xocalı, Əsgəran və Ağdərəyə səfəri, Azərbaycan bayrağını qaldırması xalqımızın sevincinə səbəb olub: “Artıq Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan separatizmin yuvasında onun mənbəsini qurutdu. 30 ildən çoxdur xalqımızın davam edən məşəqqətinə, kədərinə son qoyuldu və hazırda bayrağımız Xankəndi şəhərində dalğalanır. Ümumiyyətlə, bu hadisə geosiyasi, həmçinin xalqımızın tarixi baxımından çox önəmli bir hal kimi qeyd olunmalıdır”.
"Müasir dövrdə dünya təcrübəsinə baxsaq, separatizmin aradan qaldırılması, kökünün kəsilməsi işində ölkələr bir o qədər də müvəffəqiyyətli olmayıb. Bu, Azərbaycan tarixində önəmli hadisə olmaqla yanaşı, bölgədə həmçinin regiondan kənarda geosiyasi reallıqları dəyişən bir məqamdır. Müsəlman ölkələri tarixində son 200 ildə belə bir qələbə olmayıb. Təbii ki, bu da bir neçə faktoru özündə birləşdirir. Prezident İlham Əliyevin güclü liderliyi ilə səbir və təmkinlə aparılmış siyasət, addım-addım hədəfimizə doğru atılan addımlar, güclü ordu quruculuğu, dayanıqlı iqtisadiyyat, insan kapitalının inkişafı, həmçinin Azərbaycanın çətin, mürəkkəb, geosiyasi regionda yerləşməsinə baxmayaraq apardığı ağıllı daxili və xarici siyasət, dərin strateji düşüncə tərzinin olması kimi faktorlar tarixi qələbə ilə nəticələnib” - Milli Məclisin üzvü bildirib.
T.Gəncəliyev vurğulayıb ki, müəyyən vaxt keçdikdən sonra bu hadisənin önəmi, strateji əhəmiyyəti, əldə edilmiş nəticələr haqqında xeyli danışılacaq: "Xankəndi şəhərində doğulmuş bir insan olaraq, Ali Baş Komandana, Azərbaycan Ordusuna, xalqımıza təşəkkür edirəm. Artıq şəhidlərimizin qanı ilə yoğrulmuş torpaqlarımız azaddır. Bu gün isə doğma torpaqlarımıza dönəcəyimiz, orada fəaliyyətimizi davam etdirəcəyimiz günü səbirsizliklə gözləyirik”.
report.az