Siyasət 24 Yanvar 2024, 16:42 | Baxış sayı: 192
"Azərbaycan riyakar mexanizmə çevrilmiş Avropa Şurasına ehtiyac duymur"

Azərbaycan riyakar mexanizmə çevrilmiş Avropa Şurasına ehtiyac duymur.

 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

Deputat deyib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının Nizamnaməsinin preambulasında ifadə olunan “ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq” təsisata üzv olub. Lakin ötən dövr ərzində Parlament Assambleyasının Avropa Şurasının Nizamnaməsi və Avropa Konvensiyasına, habelə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə zidd olaraq özünü daha çox ermənipərəst, islamofob və türkofob dairələrin platforması və qeyrilərini qəbul etməyən orta əsr təfəkkürlü radikal dini klub kimi apardığının şahidi olmuşuq: “Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının açılış günü heç bir hüquqi əsasa söykənmədən, qərəzli formada Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi bunun daha bir nümunəsidir. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabenin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. İnsan hüquqları və əsas azadlıqlarının dəstəklənməsi, vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinə sədaqət yolu ilə üzvləri arasında böyük birliyə nail olmaq kimi məqsəd müəyyən etmiş Avropa Şurasının bu gün lobbi məqsədləri naminə kiçilən, Fransa və Almaniya kimi dövlətlərin işğal və separatizmi açıq şəkildə müdafiə edən cılız birliyi formasında təzahür edən reallığını görmək sadəcə, təəssüf doğurur. Aydındır ki, AŞPA-nın ssenarisi artıq çoxdan hazır olan bu qərarının insan hüquqları ilə heç bir bağlılığı yoxdur və təəssüf ki, Avropa Şurası özünün Nizamnaməsində “həqiqi demokratiyanın əsasları hesab etdiyi şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərini” bu dəfə də alətə çevirir”.

 

Bəhruz Məhərrəmov qeyd edib ki, Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsində qanunun aliliyi və insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsipindən bəhs etdiyi halda, Azərbaycana münasibətdə bu yanaşma faktiki olaraq işlək olmayıb: “Ən azı quruma daxil olduğumuz 2001-ci ildən 2020-ci ilə qədərki dövrdə davam edən işğal faktoru nəticəsində bir milyona yaxın Qarabağ və Şərqi Zəngəzur sakininin təməl haqlarını AŞPA faktiki olaraq görməzdən gəlib. Azərbaycanda 2023-cü ilin sentyabr ayına qədər mövcud olmuş və əsas bəşəri təhlükəsizlik məsələlərinin təməlində dayanan amillərdən biri olan separatizm probleminə dair AŞPA bir dəfə də olsun real mövqe ifadə etməyib. Əksinə, Azərbaycanın hərbi-siyasi yolla, eyni zamanda beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutmaqla işğala, təcavüzə son qoyması Qərbin bir sıra dairələri kimi AŞPA-da da isterikaya səbəb olub. Bu gün Ermənistanın özünün bu reallıqla barışdığı bir mərhələdə Avropa Şurası ASALA-dan, yaxud terrorçuların siyasi qanadı olan Daşnaksütyundan fərqli davranmayaraq prosesləri qəbul etmək istəmir, rəsmən “Qarabağdan erməni sakinlərin zorakılıqla çıxarılması” kimi absurd iddialar irəli sürməklə regionda sülh və sabitlik üçün açıq təhdiddir. Əgər AŞPA sayı hər ötən gün şişirdilən Qarabağ ermənilərinin könüllü köçündə prinsipial olaraq həssasdırsa, 350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu niyə görməzdən gəlir? Görünən odur ki, AŞPA-nın “həssaslığı” yalnız ucuz və təcavüzkar məqsədlərə xidmət edir. Yaxud, Frank Şvabenin “Parisdə yazılmış” çıxışında tezislərdən birinin - guya Azərbaycanda “siyasi məhbuslar" olması məsələsinin AŞPA kürsüsündən səslənməsi özlüyündə saxtakarlıq olmaqla, həm də təhlükəli presedent yaradan ciddi qanunsuzluqdur. İlk növbədə, hər kəs çox yaxşı başa düşür ki, əslində nə Şvabeni, nə də onun məlum məzmunda çıxışına dəstək verən təlxəklər yığınını Azərbaycanda konkret cinayət əməlinə görə məhkum olunan dələduz, yaxud barəsində cinayət təqibi davam edən təqsirləndirilən şəxs maraqlandırmır. Sadəcə, bu gün Azərbaycan Respublikasının özünün prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması neoimperialist güclərin niyyətləri ilə üst-üstə düşmür. Ölkəmizin Vətən müharibəsindən sonra isə özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi, adətən, münaqişəli vəziyyətlərdən qidalanan Qərb dairələrinin qazanc və hərəkət imkanını məhdudlaşdırıb və təsisat uydurulmuş “siyasi məhbus” tandeminə möhtac qalıb. Amma bir reallıq unudulur ki, AŞPA ən azı bizim bölgədə insan haqları barədə danışmaq haqqını itirib. Elə təşkilata üzvlük dönəmimizdə, Gəncədə, Bərdədə, Tərtərdə körpələr raket zərbələri ilə məhv edilərkən susan AŞPA selektiv qaydada hər hansı bir azərbaycanlının hüququnun müdafiəsi barədə necə danışa bilər? Ümumiyyətlə, bütövlükdə istər artıq başa çatmış Qarabağ münaqişəsi, istər Gürcüstan-Rusiya, istərsə də Rusiya Ukrayna münaqişəsi fonunda Avropa Şurasının səmərəli bir mexanizm olmadığı hər kəsə bəllidir. Lakin AŞPA özü bu reallıqları qəbullanmaq istəmir və nəticədə qeyri-adekvat yollara baş vurmaqla, məsələn, “siyasi məhbus” şousu ilə Azərbaycan hüquq-mühafizə sistemi üzərində təzyiq mühiti formalaşdırmaq cəhdi ilə vəziyyətini daha da mürəkkəbləşdirir. Amma Fransa muzdlusu olan alman deputat da, ona kürsü verənlər də unutmamalıdır ki, özünün müəyyən etdiyi meyarlarla qəbul şərtləri formalaşdırıb işlərə selektiv qaydada baxan, qəbuledilməz hesab etdiyi istənilən şikayəti rədd edən, bir sıra hallarda müraciətləri 5-6 il gözlədən, özünün “vacib” hesab etdiyi işlərə dair 1 həftəyə qərar çıxaran Avropa Məhkəməsindən fərqli olaraq Azərbaycanda qanunsuz təsiri istisna edən şəraitdə, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur. Bu mənada heç kim unutmamalıdır ki, 23 illik üzvlük dönəmimizdə bəşəri ideallar naminə Azərbaycanın gözləntilərini faktiki olaraq doğrultmayan Avropa Şurası və onun effektsiz siyasiləşmiş təsisatları ilə təktərəfli qaydada münasibətləri davam etdirmək öhdəliyimiz yoxdur. Avropa Şurası rəsmiləri də anlamalıdır ki, AŞPA-nın çirkin kampaniyasına münasibətdə adekvat siyasi addımlardan çəkinməyəcəyik. Azərbaycan strateji müttəfiqlik münasibətlərində olduğu, enerji təhlükəsizliyini birbaşa təmin edərək milli təhlükəsizliyində rol aldığı, sayı artmaqda olan Avropalı tərəfdaşları ilə əlaqələrinin dərinləşdirilməsi üçün riyakar mexanizmə çevrilmiş Avropa Şurasına ehtiyac duymur”.

 

APA

Xəbərlər