İqtisadiyyat 17 Yanvar 2023, 12:54 | Baxış sayı: 110
“Azərbaycanı qarşıda daha böyük işlər gözləyir”

“Qarabağ zəfəri ölkəmizin önündə güclü prespektivlər yaratdı. Bu gün Azərbaycan beynəlxalq tərəfdaşlıqda sərhəd tanımır. Dövlətimiz milli maraqların qorunması çərcivəsində yüksək səviyyəli və geniş tərkibli münasibətlər qurub. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır və ölkəmiz etibarlı tərəfdaşa çevrilir. Azərbaycan dövlətinin düşünülmüş şəkildə yürütdüyü uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artır. Məlumdur ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahələr üzrə Hökumətlərarası Komissiyası mövcuddur. Bu komissiya iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi üçün müəyyən fəaliyyətləri həyata keçirir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və ticari əlaqələr yüksək səviyyədədir:

 

“Düşünürəm ki, cənab Prezidentin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki iştirakı və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə olan görüşü qarşılıqlı əlaqələrimizin inkişaf və davamlılığından irəli gəlir. Bildiyiniz kimi Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Bu gün enerji təhlükəsizliyi və ekoloji təmiz iqtisadiyyat qlobal mövzudur. Azərbaycanın isə bu sahədə bərpa olunan enerji proqramı dövlətimizlə əməkdaşlığa maraqları daha da artıracaqdır. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində dünyada yaranmış yeni geosiyasi vəziyyətdə Azərbaycan beynəlxalq bazarda çox əlverişli mövqeyə sahib oldu. Ağıllıcasına qurulmuş bu mütəffiqliklər daha güclü və davamlı iqtisadiyyatı formalaşdıracaq. Azərbaycan enerji ixracı və beynəlxalq marşrut sahəsində önəmli sazişlərə imza atıb. Cənab Prezident mərasimdə çıxışı zamanı bu sahədə böyük rəqəmlər vurğuladı və bunların belə kifayət etməmə ehtimalını da qeyd etdi. Bu rəqəmlər əməkdaşlıqların və planların ilkin mərhələsidir. Azərbaycanı qarşıda daha böyük işlər gözləyir və hər zaman olduğu kimi bütün qarşıya qoyulmuş strateji hədəflər uğurla nəticələnəcək”.

Xəbərlər