Siyasət 22 May 2023, 15:42 | Baxış sayı: 102
"Azərbaycan nümayiş etdirir ki, məsələlərin dinc vasitələrlə tənzimlənməsinin tərəfdarıdır"

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin hökumətyönlü sədri Andranik Köçəryan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə Ermənistan baş naziri arasında görüşlə bağlı Şarl Mişelin dediklərini əhəmiyyətsiz hesab edib. "Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin “artsax”ın öz ərazisi və statusu var", - Köçəryan jurnalistlərə deyib.

 

“Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqi vəziyyəti, onların Azərbaycanın hüquq müstəvisinə reinteqrasiyası Azərbaycan prezidentinin dediyi kimi dövlətimizin daxili işidir və bunu heç kimlə müzakirə etmək niyyətində deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb.

Deputat Andranik Köçəryanın səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, qeyd edib ki, Ermənistan hakim dairələri öz fikirlərində, mövqelərində davamlı olaraq sərt transformasiyalar etməkdədilər. Yəni Paşinyan sülhün tərəfdarı olsa da, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, qəbul etdiyini səsləndirsə də, bunu praktiki mövqeyində və addımlarında nümayiş etdirmir.

“Sonuncu Brüssel görüşünün axşamı Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törətdi. Yəni bununla nümayiş etdirdi ki, aparılan müzakirələr Ermənistan üçün əhəmiyyətsizdir. Andranik Köçəryan düşünürsə ki, bu gün “artsax” dünyanın ən müstəqil dövlətidir. Bu fikirlər, hökumətyönlü bir insanın dilindən səslənən fikirlərdir. Bunu nəzərə almalıyıq. Bu fikirlər Azərbaycan ərazisində separatizmə aşkar dəstək kimi qəbul olunmalıdır. Azərbaycanın ərazində başqa heçbir müstəqil qurum ola bilməz. Bu, ümumiyyətlə müzakirə mövzusu deyil”-deyən deputat bildirib ki, Azərbaycan hər zaman Azərbaycan ərazisində yaşayan ermənilərlə dialoqun tərəfdarı olub, təşəbbüslərlə çıxış edib, dəfələrlə Bakıya dəvət edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan ərazisində yaşayan ermənilər, eyni zamanda kənardan gələn göstərişlər əsasında Azərbaycanın çağırışlarına müsbət cavab verməyib.

Deputat hesab edir ki, Azərbaycan ərazisində yaşayan ermənilər kənardan dəstək alaraq və yönləndirilərək separatizmlə məşğuldurlar.

“Belə olan halda, təbii ki, biz dinc vasitələrlə yanaşı təhlükəsizliyimizə mövcud olan separatizm təhdidini bəzən güc tətbiq etməklə də aradan qaldırmaq iradəsini nümayiş etdirməkdəyik. BMT-nin nizamnaməsinin 51-ci maddəsinə görə, hər bir dövlətin təhlükəsizliyinə olan təhdidləri fərdi və yaxud kollektiv şəkildə aradan qaldırmaq hüququ mövcuddur. Azərbaycan öz addımları ilə nümayiş etdirir ki, açıq məsələlərin sülh yoluyla, dinc vasitələrlə tənzimlənməsinin tərəfdarıdır. Amma qarşı tərəf adekvat mövqe sərgiləmədiyi halda güc komponentlərini də öz fəaliyyətimizə qatmaq bizim hüququmuzdur. Azərbaycan bütün ərazisi boyunca suverenliyini təmin etməlidir. Bu istiqamətdə ardıcıl addımlar da atmaqdadır. Bunun qarşısını alacaq heç bir güc yoxdur”-deyə deputat bildirib. O, qeyd edib ki, Azərbaycanın həm hərbi gücü, həm siyasi iradəsi və gücü bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunmasını mütləq şəkildə şərtləndirəcək.

Xəbərlər