Cəmiyyət 3 Mart 2022, 13:15 | Baxış sayı: 180
"Azərbaycan neytral ölkədir və bu neytrallıqla bütün dünya tanışdır".

“BMT Baş Assambleyasının “Ukraynaya qarşı təcavüz” adlı qətnaməsinin qəbul edilməsində məqsəd qardaş qırğınının qarşısını almaqdır. Rusiya da bu məsələdə adekvat addımlar atmalıdır. Hələlik yumşalma hiss olunmur, Rusiya qarşısına qoyduğu məqsədə çatmaqda israrlı görünür. Qətnamənin qəbul edilməsi üçün dünya ölkələrinin mütləq əksəriyyəti sənədin lehinə səs verdi, Azərbaycan isə qətnamənin müzakirəsində və səsverməsində iştirak etmədi. Unutmaq olmaz ki, Azərbaycan neytral ölkədir və bu neytrallıqla bütün dünya tanışdır. Azərbaycan, həmçinin, hazırda Qoşulmama Hərəkatının sədridir və dünyada sülhün və əmin-amanlığın bərpası üçün ciddi töhfələr verir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, Azərbaycan dövlətinin həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu aydındır: “Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik haqqında bəyannaməyə əsasən, Rusiyaya təcavüz olduğu halda Azərbaycan bir müttəfiq kimi üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Lakin həmin sənəd hələlik qanuni qüvvəyə minməyib, çünki bəyannamə Milli Məclisdə ratifikasiya olunmalıdır. Digər tərəfdən, Azərbaycanın Ukrayna ilə münasibətləri də yüksək səviyyədədir. Azərbaycan, sadəcə olaraq, problemin danışıqlar yolu ilə, qarşılıqlı anlaşma şəklində həll edilməsinin tərəfdarıdır. Bu, Azərbaycan dövlətinin, Ölkə başçısı İlham Əliyevin prinsipial mövqeyidir. Əlbəttə ki, Azərbaycanın bu mövqeyi doğrudur, çünki biz dövlətçiliyimizi və xalqımızı yarana biləcək bütün təhlükələrdən sığortalamalı, milli maraqlarımızı hər zaman üstün tutmalıyıq”.

F.Ağamalı Britaniya Parlamentinin üzvü Margarit Hodcun  “Azərbaycana qarşı sanksiyalar tətbiq edilə bilər” fikrinə də münasibət bildirib. O qeyd edib ki, ermənilərə lobbiçilik edən həmin xanım deputatın fikirləri əsassızdır: “Azərbaycan Rusiyanın Ukraynaya qarşı hücumundan sonra həmin təcavüzü hansısa şəkildə dəstəkləməsi ilə bağlı mövqe ortaya qoymayıb. Sadəcə olaraq, Azərbaycan neytraldır. Nəzərə almaq lazımdır ki, burada Rusiyanın da haqlı arqumentləri var və Rusiya NATO-nun onun sərhədlərinə doğru irəliləməsini öz milli təhlükəsizliyi baxımından heç cür qəbul edə bilmir. Hər şeyi olduğu kimi demək lazımdır, buna Rusiyanın kifayət qədər haqqı çatır. Lakin Rusiyanın qoyduğu sərt şərtlər ABŞ və NATO tərəfindən qəbul edilmədiyinə görə Rusiya müharibə yolunu seçdi. Əks halda, onun dövlətçiliyi və milli təhlükəsizliyi zədələnə bilərdi. Eyni zamanda, Qərb də Rusiyanın şərtlərini qəbul etsəydi, çıxılmaz vəziyyətə düşəcəkdi. Belə bir vəziyyətdə, Azərbaycanın müharibəni dəstəklədiyini və Rusiyanın yanında olduğunu göstərən heç bir fakt yoxdur. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara razı olacağı şəhərlərdən biri kimi də Bakının adını çəkmişdi. Deməli, Azərbaycan, doğrudan da, neytrallığını qoruyub saxlaya bilən, ədalətə və haqqa söykənən, məsuliyyətli dövlətdir. Ona görə də Britaniya Parlamentinin deputatının fikirlərinin təxribat xarakterli olduğu və erməni diasporuna xidmət etdiyi aydındır. Onun Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlər tarixin qaranlıq küncündə qalacaq”.

Xəbərlər