Siyasət 7 Fevral 2023, 14:16 | Baxış sayı: 112
“Azərbaycan müxalifətinin bəzi simasızları sanki Türkiyədə zəlzələnin baş verməsinə sevinirlər…”

“Bəzi müxalifyönümlü şəxslər Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının mövqeyinin zəifləyəcəyini vurğulayırlar. Qeyd edirlər ki, mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə zəlzələnin baş verməsi çox ciddi təsir göstərəcək. Düşünürlər ki, bununda Türkiyədə iqtidarın mövqeləri sarsılmış oldu, ölkədə ciddi sosial problemlər yaranıb və bütün bunlara görə məsuliyyət hakim partiyanın üzərinə düşəcək. Yəni elə ruhda şərhlər verirlər ki, sanki zəlzələnin baş verməsinə çox sevinirlər. Ona görə sevinirlər ki, Ədalət və İnkişaf Partiyası hakimiyyətdən gedəcək, Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə uduzacaq. Belə insanlara hətta “insan” demək də çətindir. Türkiyə belə ağır faciəni yaşayır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, bu gün başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti, bütün Azərbaycan xalqı Türkiyənin yanındadır: “Azərbaycan Prezidenti dünyanın ilk Prezidenti oldu ki, cənab Ərdoğana – öz qardaşına telefon zəngi etdi, başsağlığı verdi. Cənab Prezident İlham Əliyev söylədi ki, biz hər zaman Türkiyənin yanındayıq. Fövqəladə Hallar Nazirliyinin heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması işində iştirak edir. Azərbaycan hərbçiləri Türkiyə hərbçiləri ilə birgə Türkiyədə təlimlər keçirdilər, onlar da təlimləri dayandırıb, xilasetmə işlərinə cəlb olunublar. Bu gün hər bir azərbaycanlı deyir ki, “mən türkiyəliyəm!” Azərbaycan çoxmillətli dövlətdir. Hər bir azərbaycanlı deyir ki, “mən türkəm!” Bu reallıqda Azərbaycan müxalifətinin bəzi simasızları əsl xislətlərini növbəti dəfə ortaya qoydular. Fikir verirsinizsə, onlar öz siyasi məqsədləri üçün bu zəlzələnin nəticələrindən bəhrələnmək istəyirlər. Üzümü onlara tutub, söyləyirəm ki, məhz Rəcəb Tayyib Ərdoğanın - bu böyük, nəhəng şəxsiyyətin xidmətləri sayəsində Türkiyə bu gün dünyanın çox mühüm güc mərkəzlərindən biri çevrilib. Bu gün Türkiyə Avropada iqisadi gücünə görə 6-7-ci, dünyada isə 16-17-ci yerdədir. Hərbi gücünə görə NATO çərçivəsində ABŞ-dan sonra ikinci yerdədir, dünyada söz sahibidir. Türkiyənin mövqeyi hər yerdə nəzərə alınır, müstəqil siyasət həyata keçirir. Bu siyasəti bir çoxları Qərb dairələrində həzm edə bilmirlər. Bizim də özünü müxalifət sayan simasızlar, şəxsi mənafelərini hər şeydən üstün tutanlar, öz xislətləri etibarilə hər zaman mürtəce olanlar Türkiyədəki bu problemlərin yaranmasına sevinirlər. Sevinirlər ki, seçki öncəsi belə bir fəlakət yaşandı, bunun ağır nəticələrinin aradan qaldırılması üçün bütün məsuliyyət Türkiyə iqtidarının üzərinə düşəcək, deməli, iqtidarın mövqeləri zəifləyəcək, nəticədə qalib gəlmə şansları aşağı enəcək… Görün, nəyə sevinir, belə bir məqamda nə haqda düşünürlər... Görünür, təbiət də səhv edə bilir. Azərbaycan müxalifətinin bəzi ünsürlərinin bu davranışını, hərəkətlərini görəndə düşünürəm ki, təbiət səhv edib və onlar dünyaya gəliblər”.

Xəbərlər