"Azərbaycanı ittiham etmək xalqa xəyanətin son həddidir"
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 31-də Brüsseldə görüşündən çox keçmədən erməni silahlı qüvvələri tərəfindən sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat bütün məqamlara aydınlıq gətirir. Gecə saatlarında baş verənlər Ermənistanın ardıcıl xarakter daşıyan avantüraları və təxribatlarının nəticəsidir. İşğalçı dövlət açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Nikol Paşinyan Brüssel görüşündə sülh müqaviləsinin imzalanması məqsədilə iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasını dəstəklədiyini bildirsə də, sentyabrın 8-də Vladivostokun erməni icmasının nümayəndələri ilə görüşdə Brüsseldə guya ən mühüm məsələlərlə bağlı ortaq mövqe müəyyənləşdirməyin mümkün olmadığını açıqladı. Ermənistanın baş naziri sərsəm bəyanatları ilə faktiki olaraq baş verəcək təxribatı anons etmişdi. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Silahlı Qüvvələrimizin Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə əldə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb. Ermənistan hərbi avantüraların, təxribatların nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Sentyabrın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirdi. Müşavirədə qeyd olundu ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov qeyd edib.
Malik Həsənov bildirib ki, bu gün diqqəti çəkən əsas məqamlardan biri mövcud reallığı inkar edərək dildə Vətən sevgisindən danışan, həqiqətdə isə Vətəni satan anti-milli ünsürlərin erməni sevgisidir: “Vətənə, xalqa xəyanət heç kimə başucalığı gətirə bilməz. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bizlərə tarixi Zəfəri yaşadan, həmçinin ərazi bütövlüyümüzün, suverenliyimizin qorunması üçün canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir. Şanlı Zəfər tarixini yazan və onu qoruyan qəhrəmanlarımızın həyat yolu gənclərimiz üçün bir vətənpərvərlik məktəbidir. Bu gün “düşmən dəyirmanına su tökən” ünsürlərin ermənilərin törətdikləri təxribatları Azərbaycanın adına yazıb, təcavüzkar ölkə kimi təqdim etmək cəhdləri onların kimliyini ortaya qoymaqla yanaşı, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Dünya Azərbaycan xalqının vətən, torpaq sevgisindən bəhs etdiyi halda, belə ünsürlərin ölkəmizin qalib imicinə xələl gətirmək cəhdləri bağışlanmazdır. Xalqımız dövlət maraqlarını şəxsi ambisiyalarının arxasında saxlayan, ermənilərlə və ermənipərəst dairələrlə işbirliyində olan bu ünsürlərin vətənə, xalqa xəyanətinin daim şahidi olur. Görünür, belələri xarici dairələrin əlində oyuncağa çevrilmələrinin fərqində deyil, itirilmiş mənəviyyatlarını milyonlar belə xərcləsələr bərpa edə bilməyəcəklərini düşünmürlər. Ölkəsini təcavüzkar kimi təqdim edən, dövlətin siyasətinə kölgə salmağa çalışan, bir sözlə, ermənilərə dəstək missiyasını yerinə yetirən anti-milli ünsürlər unudurlar ki, ictimai qınaq onlar üçün ən böyük cəzadır”.
Azərbaycanın istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyündən geniş bəhs edən millət vəkili onu da əlavə edib ki, hazırkı dövrdə, informasiya cəbhəsində mübarizənin dərinləşdirildiyi bir zamanda “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkələrdə apardıqları əsassız, qərəzli təbliğatların arxasında dayanan maraqlar xalqa çox yaxşı bəllidir: “Bir məqamı unutmayaq ki, hər kəs gələcəyə keçmişi ilə addımlayır. Bugünədək ermənilər üçün göz yaşı axıdıb vətənə, xalqa xəyanət yolu tutanların cəmiyyətdə necə tanındıqları göz önündədir. Vətən birdir, onu qorumaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır ki, təəssüflər olsun, daxili bədxahlarımız bu hislərdən məhrumdurlar”.
Malik Həsənov qeyd edib ki, tarixi inkar yolunu tutan, reallıqları şəxsi ambisiyaları əsasında təhlil edib vicdanlarını, şəxsiyyətlərini, mənliklərini pula satanlar arasında “tarixçi ailmlər”in də yer alması diqqətdən kənarda qalmır: “Özlərini “tarixçi alim” kimi təqdim edib tariximizi təhrif edənlərin 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan, hər daşı, qayası tarix olan Şuşamızı erməniləşdirmək üçün hər vasitəyə əl atan, davamlı hərbi təxribatlar törədən Ermənistanı deyil, haqq, ədalət uğrunda mübarizə aparan, beynəlxalq hüquq normalarına söykənən Azərbaycanı təcavüzkar siyasət həyata keçirməkdə ittiham etmələri xəyanətkarlığın, mənəviyyatsızlığın son həddidir. Azərbaycan 30 ilə yaxın idi ki, torpaqlarının azadlığa qovuşmasına, ərazi bütövlüyünün təmin olunmasına çalışdı. Heç kimin torpağında gözü olmayan Azərbaycan bir qarış torpağımızı belə düşmənə verməyəcəyini, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını bəyan etdi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Vətən oğullarımız qanları, canları ilə Zəfər tariximizi yazdı, 30 ilin torpaq həsrətinə son qoydu, mənfur düşməni torpaqlarıımızdan iti qovan kimi qovdu. Şəxsi maraqları naminə reallıqları inkar edən erməni təəssübkeşlərinə bir daha bu xatırlatmanı da etmək istərdik ki, Azərbaycan bu Zəfərin yaratdığı reallıqlar əsasında bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistanla münasibətlərində yeni səhifə açıb sülh müqaviləsini imzalamaq istəyini ortaya qoyub və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir, Ermənistandan da eyni addımları tələb edir. Lakin təcavüzkar Ermənistan təxribatları ilə diqqəti yayındırmağa çalışır. Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınacaq”.