Siyasət 26 Dekabr 2022, 17:16 | Baxış sayı: 192
"Azərbaycan insanının daha yaxşı yaşamağa haqqı var"

2022-ci il Parlamentin "payız sessiyası" bir neçə səs-küylü qanunlarla yadda qaldı. Belə ki, "Siyasi Partiyalar haqqında" qanun qəbul olundu. 2023-cü ilin ən böyük büdcəsi təsdiqləndi. Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucla ölkədə və regionda baş verən prosesləri və son qəbul olunan qanunları birgə müzakirə etdik:

 

- Parlamentdə ən çox təklif edən deputatlardan birisiniz. Etdiyiniz təkliflərdən hansının qəbul edilib və icra olunub?

 

- Təkliflər irəli sürmək Parlament üzvünün vəzifəsidir. Hər bir iclas özü-özlüyündə millət qarşısında hesabatlılıq tələb edir. Sosial Tədqiqatlar Mərkəzinə rəhbər olduğum dövrdə bu fəaliyyət daha çox qabarıb. Onlarla məsələ hökumət,dövlət orqanlarında bu sarıdan nəzərə alınır. Buna görə çox şadam. Amma əksər hallarda biz bunu çox da ictimailəşdirməyə meyilli olmuruq. Əsas məsələnin həyata keçməsidir. Son illər bizə mərkəz xəttindən tədqiqat əsaslı, təklif əsaslı, təhlil əsaslı idarəçiliyə üstünlük vermək mənasında qaldırdığımız təşəbbüslərə diqqət artıb.


Son günlər parlamentdə uşaq pulu məsələsi gündəmdədir və Siz bu müavinatın verilməsinə Qarabağdan başlamaq olar təklifi ilə çıxış etmisiz. Sizcə bu nə dərəcədə realdır?
 

- 2006 ci il ünvanlı yardım məsələsi meydana çıxanda sosial yardım modeli onunla əsaslandırılırdı ki, uşaq pulları cəmiyyətin bütün təbəqələrinə verilir. Bildirilirdi ki, burada qeyri ünvanlılıq var. Çox böyük insana, orta gəliri yuxarı olan insana bu vəsaitlər çatdığına görə, konkrtet ehtiyacları olan şəxslərə verilsin təklifi irəli sürüldü.  Təəssüf ki,  hər bölgədə ehtiyaclı insanların dəqiq sayını müəyyənləşdirib onları yardıma çatdırmaq mümkün olmadı. Son illər bu siyasətdə mühüm müsbət dəyişiliklər var. Xüsusilə müxtəlif informasiya məkanında hakimiyyət əleyhinə olan qüvvələr tərəfindən daima propaqanda edilir. Doğurdanmı onlar vətəndaşın ehtiyaclı ailənin sosial ehtiyaclarını əldə bayraq edərək xal qazanmaq istəyirlər. Bunun ətrafında bir siyasiləşmə də var. Nəticədən asılı olmayaraq Azərbaycan ailəsi dövlətin əsasıdır. Ailə kiçik dövlətdir. Dövlət özü böyük ailədir. Belə şəraitdə 600 minə qədər azərbaycanlı uşaqlar müxtəlif növ müavinətlər alırlar. Bu ətrafda da müxtəlif diskusiyalar gedir. Mən bu siyasətin azad torpaqlardan başlanmasının zəruri əsaslarını göstərməyə çalışdım. 

 

Yəni Gədəbəydən,Tovuzdan,Qazaxdan sərhəd bölgələrindən gələn insanla onun yerinin boş qalması ilə sabah Zəngilan, Qubadlı, Kəlbəcərdə artıq evi eşiyi təqdim olunmuş amma 2-3 il sonra orada yaşamayan insan bizim üçün daha böyük həm siyasi, həm təhlükəsizlik mənasında problemlərə çevriləcək. Dövlətin ali hədəfi bu ərazilərdə daha çox insanların məskunlaşdırmaq olacaq. 16 noyabr Böyük Qayıdışla bağlı proqram qəbul edildi. Bu mənada mən bunun qələbə müavinəti olaraq uşaqlarımız üzərindən başlamasını təklif etdim. Düşünürəm ki, bunun təkcə ideoloji siyasi deyil,alt sosial qatını da hazırlamaq lazımdır. Gəlin razılaşaq ki, bu gün Ağalıda dünyaya gələn insanla ölkənin digər əraziləri eyni mənanı kəsb etmir. Bu təbii olaraq belədir. Düşünürəm ki, bu dövlətin diqqətini çəkəcək və növbəti dövr qərarlara çevrilə bilər.

 

-  Arif Hacılı, Əli Kərimli,Tural Abbaslı və digər müxalif yönümlü partiya rəhbərləri "Siyasi partiyalar haqqında"  qanunun bəzi maddələrinə etirazını bildirir. Qanun layihəsində həmin partiya sədrlərinin təklifləri nəzərə alınacaqmı?

 

- Vətən müharibəsində qələbə qazanmış Azərbaycan dövləti yeni siyasi sistem quruculuğunda maraqlıdır. 1990-ci ildən sonra biz çoxpartiyalılığa qədəm qoyduq. Təəssüf ki, bir sıra siyasi qüvvələr  ərazi bütövlüyümüzün təminatında, milli azadlıq hərəkatında rol oynamaqla yanaşı, bir qismi bu proseslərdə dağıdıcı rol oynayıb. O üzdən hüquqi siyasi sitemin təkmil olması həm də partiyalarda münasibətlərdən daha çox asılıdır. Dövlət partiya ilə əlaqədar bu illər ərzində qarşıdurmadan,ittihamlardan soyuq münasibətlərdən keçib. Azərbaycana bu ziyan vurur. Vətən Müharibəsindən sonrakı dövrü  yeni siyasi sistem, əslində yeni hakimiyyət modeli adlandırıram. 1-2 partiyanı çıxmaq şərtilə bu proseslər fəal dialoq,  diskusiya, əməkdaşlıq mövqeyində davranırlar. Amma partiyalar qanunvericilikdə 1992-ci ildə qəbul edildiyinə görə ona onlarla digər qanunvericilik aktı vasitəsilə o qədər dəyişiliklər edilib ki, bu hazırkı dövr Azərbaycanın qarşında dayanan çağırışları ödəmir. 

 

- Qarabağa qayıdışdan danışırıq, insanların köçürülməsi planlaşdırılır. Amma hələ də eşidirik ki, Kəlbəcər, Ağdam, Füzuli istiqamətində mövqelərimiz atəşə tutulur. İnsanları bir sual maraqlandırır. Həmin ərazidə necə təhlükəsiz yaşayacaqlar?


- Birinci növbədə dövlətin hazırda qarşısında dayanan vəzifə bundan ibarətdir ki, 26 sentyabra qədərki dövrdə insanlara zərbə olan qeyd etdiyiniz o təmas xətti, cəbhə xətti və daimi atəşkəs rejiminin pozulması kimi hallar bir də yaşanmasın. Sülh uğrunda gedən savaşın da ali hədəfi budur. Bu səbəbdən, 10 noyabr bəyənatının iki müddəasından biri təhlükəsizlik məsələsini özündə ehtiva edir. Xankəndi və ətraf üç bölgədə qalmış bir neçə erməni hərbi birləşmələri oradan çıxarılmalı və ya islah edilməlidir. Çünki Ermənistan bəyan etdi ki, sentyabrdan artıq onların orada qüvvələri yoxdur, yeni çağırışçılar da ora gəlmir. Belə şəraitdə, Azərbaycan dövləti birinci qayıdış proqramında da təhlükəsizlik məsələsini öndə qoyub. Lakin bu həm də mina təhlükələrini özündə ehtiva edir. Əminəm ki, artıq Kəlbəcər, onunla şərti sərhəd sayılan ölkə dağları, Qafan, Gorus, Zəngilana qədər, Murovdan Arazadək, 400 km qazandığımız yeni sərhədlər, o cümlədən, İranla 132 km-lik sərhədlər 2023-cü ildəki tədbirlər sayəsində elə bir təhlükəsizlik mühitinə qovuşacaqdır ki, ora köçməyi qət etmiş insanlarımız öz təhlükəsizliklərinə görə narahat olmayacaqlar. 
 

- Qarabağa qayıdış planı üzrə işlər davam edir. Xocalı bu planın hansı mərhələsindədir?

 

- Parlamentdə Böyük Qayıdış proqramının Azərbaycanın bütün ərazilərini əhatə etməsi məsələsini xüsusi olaraq gündəliyə gətirdim. Bu gün dünyada savaş yalnız silahla, tankla, topla, dronlarla aparılmır. İqtisadi, sosial, informativ, diplomatik savaş da müharibənin bir hissəsidir. Ona görə də, hibrid müharibə termini indi daha çox dünya gündəmindədir. Məsələnin başqa bir önəmli tərəfi odur ki, Azərbaycan ordusu 10 noyabrda Xankəndinə, Xocalıya, Xocavəndə, daxil olmadı və bu düzgün qərar idi. 10 noyabr bəyənatı imzalanan zaman faktiki olaraq, Zəngilanın bütün torpaqları, Qubadlının bütün ərazisi, o cümlədən Kəlbəcərin və Laçının bütün yerləri azad deyildi. Nəinki söhbət Ağdamdan və ya Kəlbəcərdən, o cümlədən Laçından gedirdi. Bura daxil olmayan onlarla kənd də erməni hərbi birləşmələrinin əlində idi və bəyanat sayəsində həmin qüvvələr oradan çıxarıldı. Daha sonra, Qisas əməliyyatı, Fərrux dağı, 12-14 sentyabrda olan toqquşmalar da qeyd olunan prosesin bir hissəsi idi. 

 

Aleksandr İskəndəryanın məşhur ifadəsi ilə desək, Azərbaycan hissə-hissə nələrisə götürür. Faiz məsələlərinə yenidən baxmış olsaq deyə bilərik ki,  3-4% hələ işğal altındadır. Çünki orada sülhməramlı qüvvələr var. Ən yaxın zamanda ermənilər üçün birgə yaşayışın şərtləri elan edilməli, Paşinyanın son bəyanatı ilə 32 km-lik yolu bağlayıb oradakı erməniləri qırmaq istəməsinə əks-mövqe sərgiləməliyik. Qarşıdakı dövrdə Azərbaycan Xankəndi, Xocalı və Xocavənd əraziləri üzərində suverenliyini  bərpa edəcək, ölkə özünün bu mənada ərazi bütövlüyünü qazanacaq və delimitasiya, demarkasiya da 2023-cü ildə başa çatacaq. Buna realist əminliyim var. 


- Azad olunmuş ərazilərdə artıq 3 hava limanımız var. Olmazdımı birinci insanları köçürək? 

- Hava limanları üzərində planlar təkcə mülki deyil. Ona görə də, məncə, dövlət strateji planını bunun üzərində qurub. 

- Azərbaycan İsraildə səfirlik açır. Bu qərar hansı siyasi prosesləri dəyişə bilər?

- Ötən on illər Azərbaycan-İsrail münasibətləri yetərincə strateji səviyyəyə yüksəlib. İkinci Qarabağ savaşında mənəvi-siyasi mövqeyi, o cümlədən bizim onlardan aldığımız silahlar çox mühüm rol oynadı. Azərbaycan-İsrail münasibətlərini qətiyyən ərəb dünyası ilə islam aləmi əleyhinə yönəltməyib. Əksinə bu müddətdə İsrail ərəb ölkələri və qardaş Türkiyə ilə münasibətlər yaxşılaşıb, buzlar əriyib. Belə şəraitdə  Azərbaycanın İsraildə səfirlik açması  mühüm mesajdır. Bundan dərhal sonra Fələstində də diplomatik nümayəndəlik açılması qərarı verildi. Kimsə bunu manipulyasiya vasitəsinə çevirməməlidir. İsraildə səfirlik açılması ümidvaram növbəti dövr Azərbaycan üçün, xüsusilə Vətən müharibəsindən sonra siyasi-hərbi gücünün ifadəsidir. Eyni zamanda, bu addım yəhudi cəmiyyəti, diasporası və  lobbi mərkəzləri ilə beynəlxalq məkanda əlaqələrimizi daha da sıxlaşdıracaq, Azərbaycana qarşı olan dairələrin, xüsusilə Fransanın mövqelərinə zərbə vuracaq. 
 

- Son günlər İran-Azərbaycan münasibətləri, eləcə də, Fransada baş verənlər. Bundan sonrakı mərhələdə bizim hansı risklərimiz var?

 

- Azərbaycan ötən illər ərzində Fransa ilə müəyyən bir balanslı mövqedə davranışlar sərgiləyib, münasibətlər də xeyli inkişaf edib. 2 milyard avroya qədər ticarət imkanları formalaşıb. İndi isə qalib Azərbaycan Fransa üçün təhlükəyə çevrilib. Fransa regiona hərbi cəhətdən yerləşmək, Türkiyə əleyhinə cəbhə açmaq istəyir. Rusiyanın Gümrüdən çıxarılması və Qafqazda yerləşmək onların ən başlıca planıdır. Məsələyə Avropa Parlamenti də qoşulur və satellit dövlətlər Belçika, Niderland, Lüksemburq da bundan sonra addımlar atacaqlar. Əleyhimizə yeni bir neçə qərar daha hazırlanır. Mahiyyət etibarilə, onlar Azərbaycana beynəlxalq məkanda siyasi təzyiqlər, sanksiyalar, iqtisadi hədələr edir. Hərçənd indi, Fransa  Azərbaycandan qaz almır və Makronun dediyi kimi, onların bizə birbaşa təsir mexanizmi yoxdur. Bizdən qaz alan vətəndaşlarının soyuqdan donmasına razıdır. Yetər ki, öz çirkli və məkrli planlarını həyata keçirsinlər. 

 

Fransa Ermənistanı qanadları altına almaqda məqsədi Rusiyanın əleyhinə ikinci, Türkiyə və İranın əleyhinə isə yeni cəbhə açmaqdır.  Qarabağ məsələsi birinci dəfə SSRİ-nin dağılması üçün istifadə olundu. İndi isə region dövlətlərinə qarşı cəbhə açılması üçün o güclərin əlində vasitədir. 


- Siz Milli Məclisdə İnsan hüquqları komitəsinin sədrisiniz. Azərbaycanda bəzi hüquq müdafiəçiləri deyir ki, insanların hüquqları kobud şəkildə pozulur. Bu barədə nə düşünürsünüz? 

- Siyasi hüquqlar, birləşmə hüququ, media azadlığı indeksləri və.s kimi məsələlərdə müxtəlif problemlər ola bilər. 2019-cu ildən sonra artıq kimlərəsə toxunulmazlıq statusu ilə yanaşılmır. Yeni elita formalaşdırılır, onların əsas vəzifəsi isə hesabatlılıq və şəffaflıqdır. Mən hüquqi təminat məsələlərini cəmiyyətin birgə əldə edəcəyi hədəflər hesab edirəm. Bu yalnız ayrıca bir hakimiyyətin, hakim partiyanın, müxalifətin vəzifəsi deyil, hamılıqla buna çalışmaq lazımdır. 

Dövlətə quzğun və təhqir sistemindən davranış göstərən şəxslər azadlığamı xidmət edirlər? Onlar demokratiyaya töhfə verirlərmi? Onlar demokratdırlarmı? Demokratiyadan danışan partiylar bu illər ərzində yalnız birinci şəxs olaraq qalıblar. Əli Kərimlinin özü 27 ildir sədrdir, bir dəfə də onun əleyhinə başqa bir qüvvənin namizəd olduğu görülməyib. Müsavat praymeris tətbiq elədi, amma Qubad İbadoğlunun seçkisini sona qədər həzm edə bilmədilər. İki hissəyə bölündülər. Bunlar sübut edir ki, o partiyalar özləri də demokratik etiketə uyğun olmaları üçün müəyyən bir yol keçməlidirlər. Bundan sonrakı demokratik Azərbaycan quruculuğu hər bir vətəndaşın vəzifəsidir. Vətən müharibəsində yeni milli kimlik qazanan Azərbaycan vətəndaşlarının artıq siyasi və digər hüquqlarını pozmağa ehtiyac qalmayacaq. Yetər ki, bunu qəbul edək.

 


- "AZAL"-ı sərt tənqid etdiniz. Daha öncə də bu cür tənqidlər olub. Amma biz həmin qurumda heç bir nəticə görmürük. Bu nə ilə əlaqədardır?

- Mən düşünürəm ki, AZAL ölkədə dominant, monopolist mövqeyindən istifadə edir. Düşünür ki, bu tənqidlər ən sonda onun təbii inhisarçı mövqeyini dəyişməyəcək. O həm kompaniyadır, həm də torpaq üzərində böyük bir dünyanın ən aparıcı hava şirkətlərinin şərtlərinə uyğun tikilmiş bir məkandır. Bu biri yandan uçuşları da gerçəkləşdirən, bu xidməti verən qurumdur. Bu anlamda onlar düşünürlər ki, ikinci, üçüncü, beşinci beynəlxalq uçuşlar həyata keçirən  şirkətlər gəlib Azərbaycan dövriyyəsinə dərhal daxil olmayacaqlar. İstənilən ölkədə bu cür kompaniyalar ona görə yaradılır ki, dövlətə gəlir qazandırsın, fayda versin. Bizdə isə əksinədir. Azərbaycan insanı sərhədlərin açıq olduğu şəraitdə bəzən digər alternativləri işə salırdı. Həm şəxsi nəqliyyat vasitəsindən istifadə edirdi, həm avtobuslardan faydalanırdı. İndi dövlət millətin təhlükəsizliyi naminə sərhədləri hələ ki, bağlı olmasına qərar verib. Bu anlaşılandır. Amma bu şirkət ondan maksimum dərəcədə özünün alternativsizliyi üçün Azərbaycan vətəndaşına qiymətləri o cür şərtlərlə diqtə edə bilməz. Xüsusilə də tələbələrimiz, sərhəd problemləri yaşayan insanlarımız 1100-1200 manata ekonom klassla necə ölkənin kənarına çıxa bilərlər? İnsanlar bunun üçün neçə aylıq məvacibini toplamalıdır? Bu mövzuda hətta Ermənistanla müqayisə olunuruq. 
 

AZAL torpaqlarımızda yeni hava limanlarının tikintisində rol oynayıbsa da, bunların idarəçiliyini əsla ona vermək olmaz. Türkiyə Hava Yollarının 7,5 milyard illik gəliri olur. Bu xalis gəlirdir. 85 milyonluq ölkədən danışdığımız üçün müqayisə yerində olmaya bilər. Avstriya Hava Yollarını  götürək. Əhalisi 10 milyona yaxındır, ərazisi də 85-90 min kvadrat kilometrdir.  2019-cu ildəki dövrə qədər onların gəliri 2.2-2.3 milyard avro olub.  Amma AZAL-ın dövlətə borcu 2,1 milyard manatdır. Bu təkcə vətəndaşın cibi üçün, yaşayışı üçün yox,  həm də dövlət üzərində, büdcə üzərində bir təhdidə çevrilib. Ona görə də bu çağırışlar nəhayətdə nəzərə alınacaq. Müşahidə Şurası, İnvestisiya Holdinq yaradılır. Ümidvaram ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cəmiyyətdən, mediadan, o cümlədən parlamentdən olan bu etirazları təmin edəcək qərarlar verəcək. 

 


- Sizin haqqınızda deyirlər ki, Zahid Oruc hansı qurumu tənqid edirsə mütləq həmin yerdən səs çıxır. Hətta biz bir dəfə Sizinlə müsahibə edəndə Səhiyyə Nazirliyini tənqid etdiniz və həmin gün nazir işdən çıxarıldı. Özünüz haqqında bu fikirləri necə dəyərləndirirsiniz?
 

- Biz konyuktur davranmayaraq, insanlarımızın səsi eşidilsin deyə sərt mövqeləri dilə gətiririk. Bu keçmişdə də belə olub. Tənqid olunan qurumların vəzifəsidir ki, cəmiyyətlə hesablaşsınlar. 

 

- Sosial Tədqiqatlar Mərkəzinin sədrisiniz və sosial yönümlü hesabatlarınız çox olur. Mənə maraqlıdır, elə bir hesabat aparmısınızmı minimum əmək haqqı və pensiya ilə bir ailə bir ay yaşaya bilərmi?
 

- Bir aylıq hazırkı yaşayış minimumları ehtiyac meyarının kriteriyalarını ödəmir. Bunu parlamentdə də dilə gətirmişik, tədqiqatlarımız da sübut edir ki, həmin 500 addan ibarət məhsullarda bir tərəfdən hesablama meyarları dəyişməlidir. Digər bir yandan, sürətli bir şəkildə son iki ildə qlobal miqyasda, o cümlədən, Azərbaycanda qiymətlərin bahalaşması əhalinin gəlirlərinin kəskin azalması, iş yerlərinin qapanması, iqtisadi ticarət dövriyyəsinin azalması, xarici əlaqələrin daralması kimi məsələlərə görə dövlət bu məsələlərə yenidən baxmalıdır. Düşünürəm ki, ümumiyyətlə, 1 aylıq istehlak zənbili bir şəxs üçün hal-hazırda nəzərdə tutulan 246 manatdan iki dəfəyədək artırılmalıdır ki, bu çərçivədə Azərbaycan insanı öz ehtiyaclarını qarşılaya bilsin. Lakin məsələ təkcə o ödənişlərin kriteriyasında və aşağı həddində deyil. Ən önəmli məsələ vətəndaş üçün iş yerlərini yaratmaq, xaricdən idxal etdiyimiz məhsulların alternativini ölkədə meydana gətirməkdir. Hansısa sahibkarlar biznes strukturları qarşısında bürokratik zireh yaratmamalıdır. Vergi orqanları bu fəaliyyətdə çox böyük, hətta inqilabi addımlar atırlar. Kimsə vergi orqanları gəlib məndən qeyri-rəsmi ödəniş istəyir deyə bilməz. Bununla bərabər, qanunvericilik sistemində bizim rəsmi rüsum və vergi ödənişlərində daha dinamik və çevik addımlar atılmalıdır ki, bu yük insanları üzməsin. 

 

Biz bir neçə gün öncə azad torpaqlarda Əlavə Dəyər Vergisini, Mənfəət vergisi və başqa növlərin azaldılaraq, demək olar, sıfırlanması istiqamətində addımlar atdıq. Bu böyük qayıdışın mühüm iqtisadi hissəsi, böyük iqtisadi qayıdış idi. Məqsəd Azərbaycan insanının milyonçusunun da, orta imkanlısının da ora yatırım edə bilməsidir. Əks halda yalnız dövlətin gücü ilə bütün bu əraziləri on illərlə tikib qurtara bilmərik. İnsanlarımız gəlib bu torpaqlara yatırım etməlidir. Biz deməliyik ki, bölgələrimizin hansı iqtisadi cəhətdən inkişaf edib və nə üçün? Nə qədər mərkəzi data sistemi üzərində olacaqlar? Orada problemlər əsasən nədən ibarətdir? Necə edək ki, ölkənin daha iqtisadi və stimul şəhəri Bakı olmasın? Belə olan təqdirdə, hökumətin ali məqsədi iş yerlərinin daha kütləvi şəkildə artırılmasıdır.  Yekun olaraq, bildirmək istəyirəm ki, Azərbaycan əraziləri işğal olunanda məşhur bir fakt tez-tez dilə gətirilirdi. Biz 300 minə qədər iş yeri itirmişik deyilirdi. İndi həmin sayda iş yerləri bu ərazilərdə və digər bölgələrdə bərpa olunsa, nə qədər ödənişlər yaranar. İnsanlar gələcək pensiyaları üçün də öz istehlakını təmin eləmək anlamında da fərqli alternativlər formalaşdırarlar.

 

900 minə qədər insan dövlət sektorundadır, 800 minə qədər isə muzdluişçi kimi özəl sistemdə çalışır. Tam əksinə olmalıdır, həm də 3-4 dəfə fərqlə. Biz deyirik ki, Azərbaycan bazar iqtisadiyyatı modelini ölkənin bütün iqtisadi həyatında bərqərar etmək istəyir. Ona görə də bir sıra sahələr idarəetməyə açılmalıdır. Onları dövlət mülkiyyətində saxlamaq yükdür, rəqabəti boğur, korrupsiya problemlərinə yol açır. Məsələn, AZAL qapalı səhmdar cəmiyyətdir 49-51% səhmləri dövlətdədir. Amma indiyə qədər AZAL-ın səhmlərinin harada satıldığını görmüsünüz?

 

Qiymətli kağızlar modeli bizdə necə formalaşıb? Bu səhmin qiymətləri hansı birjalarda gündəlik olaraq indekslər kimi dəyişir. Ümumiyyətlə, bizim qiymətli kağızlar bazarı dövriyyəsi nə qədərdir? O cümlədən, "Azərsu" QSC sistemində və digər kommunal sahələrdə dövlət bu addımları ata bilər. Biz hələ də Mənzil İstismar Sahələrini dövlətin üstündə yük olaraq saxlayırıq. Amma  bir dəfə yaşadığınız binada həmin qurumlardan yardım almısınızmı? Amma dövlət hər il 450-500 milyona yaxın vəsait ayırır. 

- Hər dəfə rayonlarda iş yerlərinin açılması məsələsi müzakirə olunur. Amma həmin ərazilərdə iş yerləri açılmır. Deputatlar minimum əmək haqqının və pensiyanın əhalinin ehtiyaclarını ödəməyə yetmədiyini bilir, amma yenə də qanunun lehinə səs verir. 
 

- Bu məsələləri əsaslandırılarkən, bütün təkliflər maddi əsasa söykəndiyindən o bəzən yüz milyonlarla və yaxud milyardlarla manat tələb edir. Təkcə onun ayrılması problemi ortada qalmır, eyni zamanda Azərbaycanın valyuta ehtiyatları çoxdur, amma o vəsaitlər dövriyyəyə çıxdığında yaranacaq inflyasiya təzyiqi hesablanmalıdır. Dövlət bir parametrə toxunduğunda digər bu matrisanın məchul tənlik həlli kimidir, gərək hamısını kompleks nəzərə alasan. Düşünürəm ki, ümumiyyətlə, tam haqlı bir qənaətdir ki, Azərbaycan insanının qələbədən sonra daha yaxşı yaşamağa haqqı var. 

 

Mənbə: anews.az

Xəbərlər