Plenar iclaslar 17 Oktyabr 2023, 14:58 | Baxış sayı: 183
"Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla bəşəriyyət adından çıxış edir"

Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması istiqamətində Azərbaycan tərəfindən atılan ən ciddi addımlar fonunda Ermənistan yenə də öz destruktiv fəaliyyətini davam etdirir və bəzi beynəlxalq hüquqi mexanizmlərdən ölkəmizə qarşı istifadə etməyə çalışır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov deyib.

Deputat bildirib ki, Ermənistan Beynəlxalq məhkəməyə 9 aralıq tədbirinin tətbiqi üçün müraciət edib: “Bu məntiqsiz fəaliyyətin bir nümunəsini də biz Beynəlxalq Məhkəmədə “İrqi ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyadan irəli gələn mübahisənin baxışında müşahidə edirik. Ermənistan növbəti dəfə Beynəlxalq Məhkəməyə Azərbaycana qarşı yeni doqquz aralıq tədbirin tətbiq edilməsi haqqında müraciət etmişdir. Vaxtın azlığını nəzərə alaraq mən bunlardan yalnız birinə diqqət yetirəcəm. Mənfur qonşularımızın təqdim etdiyi sayca yeddinci aralıq tədbirinə əsasən Məhkəmədən xahiş olunur ki, Azərbaycan Qarabağın hazırkı və ya keçmiş “siyasi nümayəndələri”nə və ya hərbi qulluqçularına qarşı cəza tədbirləri tətbiq etməkdən çəkinsin. Öz ağırlığı və ictimai təhlükəlilik dərəcəsinə görə bütövlükdə cinayət əməllərinin iearxiyasında ən yüksək pillədə yerləşən beynəlxalq cinayətlər – soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən şəxslərin, xüsusilə təhlükəli transmilli cinayətlər – terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi kimi əməllər törədən separatçı rejimin funksionerlərinin cinayət məsuliyyətindən kənarda qalması beynəlxalq birliyin qlobal səviyyədə tətbiq etdiyi qanunun aliliyi prinsipinə zidd olması ilə yanaşı, eyni zamanda müharibə canilərinin cəzasızlığına gətirib çıxara bilərdi. Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla, təkcə öz adından deyil, eyni zamanda bütöv bəşəriyyət adından çıxış edir və heç kəsdə zərrə qədər şübhə olmasın ki, bütün canilər ədalət mühakiməsi qarşısında cavab verəcəklər və layiq olduqları cəzalara məhkum olunacaqlar. Cənab Prezidentin Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Bakıya tanklarla gəlmək istəyən, bizi hədələyən üç təlxək bu gün öz layiqli cəzasını gözləyir. Onların acı aqibəti bütün müharibə canilərinə ən ciddi xəbərdarlıqdır.

APA

Xəbərlər