Ümumi 3 Oktyabr 2023, 18:03 | Baxış sayı: 202
"Azərbaycan dünya kosmik sənayesinin fəal iştirakçısına çevrilir"

"Azərbaycan dünya kosmik sənayesinin fəal iştirakçısına çevrilir. Bu gün Azərbaycan kosmosda özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda qeyri-neft sektorunu inkişaf etdirir:

"Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan regional kosmik sənaye mərkəzinə və dünya kosmik sənayesinin fəal iştirakçısına çevrilir. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Kosmik texnologiyalar sahəsində innovativ yeniliklərin müzakirəsinə həsr edilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir. Bu gün kosmosda ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peyki olan Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Konqresin açılış mərasimindəki çıxışında Azərbaycanın 10 ildən artıq bir müddətdə beynəlxalq kosmos klubunda təmsilçiliyini, həmçinin, 45 ölkəyə xidmət göstərən 2 telekommunikasiya və 1 Yer səthinin müşahidəsi peykinə sahib olması faktını qeyd edən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, bütün bu proseslər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Dövlət başçımızın çıxışı dünyanın aparıcı güclərinə, həmçinin, Azərbaycanın dostlarına və düşmənlərinə ünvanlanmış siyasi mesaj idi".

K.Bayramov qeyd edib ki, ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olması onun beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilməsinə şərait yaradır:

Deputat diqqətə çatdırıb ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin gələcəyi üçün vacib sahədir:

"Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində dövlətimizin başçısı bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin, kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışdı. Cənab Prezident ölkəmizin qlobal əhəmiyyətini iştirakçıların diqqətinə çatdıraraq bildirdi ki, bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəsti-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir".

report.az

Xəbərlər