KOMİTƏ İCLASLARI, Qanun Layihələri 10 Noyabr 2021, 18:03 | Baxış sayı: 370
"Azərbaycan dəmir yollarının 22 min işçisi var və audit şirkəti bunu 6 minə endirməyi təklif edir, bu isə nə qədər işçinin işsiz qalmasına səbəb olacaq".

“Hesablama Palatasının rəyində göstərilib ki, dövlət müəssisələrində vergi daxiolmalarında bu il azalma olub. İri dövlət şirkətləri dövlət büdcəsinə divident ödəməyə maraq göstərmir. Bu fikir çoxdan səsləndirilirdi. Onlar bazarda özlərinə rəqib görmürlər. Bu, xidmətin qiymətinə də təsir göstərir. Ümumiyyətlə, xidmətin keyfiyyəti qiymətlə uzlaşmır. Maliyyə Nazirliyi bununla bağlı strateji baxış hazırlayırmı? Özəlləşdirmə ilə bağlı işlərə nə vaxt gediləcək?”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, REAL Partiyasının üzvü Erkin Qədirli deyib.

E. Qədirlinin sözlərinə görə, bir hesabatda göstərilib ki, Azərbaycan dəmir yollarının 22 min işçisi var və audit şirkəti bunu 6 minə endirməyi təklif edir: “Bu isə nə qədər işçinin işsiz qalmasına səbəb olacaq. Ona görə də bu sahədə xüsusi baxış olub-olmamasını öyrənmək istəyirəm. Digər tərəfdən, Dövlət Məşğulluq Agentliyinin rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır. Bu da hesablamalara çox böyük təsir edir. Bu rəqəmlərin uyğunlaşdırılması ilə bağlı işlər görülməlidir. Daha bir sualım da strateji baxışla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi həyata keçirilməyib. Bir yandan oradakı insanların bu torpaqlara hüquqi, haqqı var. İqtisadiyyat Nazirliyinin işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı təyinatlı torpaqların gələcəyi və o torpaqların özəlləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini xahiş edirik”.

Xəbərlər