Siyasət 3 Fevral 2023, 18:18 | Baxış sayı: 142
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

“Öz inkişafına və həyata keçirdiyi uğurlu siyasətə görə diqqət mərkəzində olan Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Fevralın 3-də Bakıda Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan dünyada böyük nüfuz qazanıb və hörmətlə yanaşılan ölkəyə çevrilib: “Bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır. Məhz bu siyasətin, əldə edilən uğurların fonunda Vətən müharibəsində əldə edilən tarixi Zəfər yeni reallıqlar yaratdı. Həmin reallıqlar fonunda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Mən bu məqamda Avropa üçün vacib, həm də bu gün keçirilən iclaslara da birbaşa aidiyyatı olan bir məsələnin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Söhbət qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşması fonunda Azərbaycanın oynadığı roldan gedir. Daha dəqiq desək, artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır. Xüsusilə enerji sahəsində Avropa ölkələrinin Azərbaycana üz tutması başa düşüləndir”.

Vüqar İskəndərov qeyd edib ki, bu da təbiidir: “Çünki bu gün üzləşdiyi böhranlı vəziyyət Avropanı alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Yəni Cənub Qaz Dəhlizi ideyası məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu iradənin nəticəsi olaraq 10 il öncə, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Bununla da həmin layihənin icrasının əsası qoyulub. Ötən müddət ərzində Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

Deputat vurğulayıb ki, məhz bu sadalananlar fonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası da dünyanın diqqət mərkəzində olub: “Əvvəla, bu tədbir Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirdi. Tədbirdə iştirakçılığın miqyası, çıxışlarda səsləndirilən müsbət fikirlər və s. deyilənlərin əyani sübutudur. Digər tərəfdən, bu tədbir də bir daha təsdiq etdi ki, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib”.

Deputatın sözlərinə görə, bu tədbir başqa bir aspektdən də diqqət çəkir: “Söhbət son vaxtlar bəzi Qərb dairələrinin və xüsusilə erməni lobbisinin Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək cəhdlərindən və ölkəmizə qarşı qara piar kampaniyası təşkil olunmasından gedir. Lakin bu tədbir, həmçinin, Prezidentin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı zamanı göstərilən xüsusi diqqət Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü yaradılması cəhdlərinin iflasa uğradığını ortaya qoyur”.

Xəbərlər