Siyasət 23 Fevral 2023, 13:05 | Baxış sayı: 153
"Azərbaycan antiterror əməliyyatı keçirməyə hazırdır"

Xəbər verdiyimiz kimi, 20 fevral tarixində 59-cu Münhen Təhlükəsizlik Konfransı (MTK) keçirilib. MTK-nın sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini Helqa Maria Şmid iştirak ediblər.

Bəzi ekspertlər hesab edir ki, MTK iclasından sonra Ermənistan hakimiyyətində aktivlik yaranıb və hətta onların sərhəddə təxribat törətmələrinin də səbəbi məhz sözügedən konfrans olub.

Millət vəkili Arzu Nağıyev isə Bakıvaxtı.az-a bildirib ki, Ermənistanda hansısa bir istiqamətdə aktivlik yaranacağını hesab etmir:

“Münhen Təhlükəsizlik Konfransından sonra onlar, özləri üçün nəticə çıxarır. Ermənilər bir daha agah oldular ki, Fransa ciddi cəhdlə regiona qayıtmaq istiqamətində addımlar atır, lakin bu, olmayacaq. Bundan əlavə, Fransa danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında özünü görmək istəyir, bu da alınan deyil. Çünki platforma artıq ABŞ, Avropa Birliyi səviyyəsindədir və təbii ki, Rusiya müstəvisi də ortadadır”.

Deputat hesab edir ki, bu səbəbdən də Fransanın hansısa danışıqda iştirak etməsi gündəmdən çıxır:

“Sadəcə olaraq Avropa Birliyinin vizual kəşfiyyatçılardan ibarət olan qruplaşması guya Azərbaycandan məlumatlar toplayıb məruzə etməlidirlər. Bütün bunlar gündəmdədir. Təbii ki, Prezident İlham Əliyev də öz çıxışında qeyd etdi ki, sərhədlərin delimitasiya-demarkasiyası və Laçın yolunun Ermənistanla sərhəddən keçən ərazisində postların qurulması ilə bağlı ermənilər düşünməlidir”.

Onun sözlərinə görə, 10 noyabr Bəyannaməsinə uyğun olaraq, sülh sazişi imzalanmamışdan öncə qeyri-qanuni qoşunların Qarabağ ərazisindən çıxarılması gündəmdə olmalıdır. Bu prinsiplər yerinə yetirilməsə, Azərbaycanın həmişə hüququ var ki, antiterror əməliyyatı keçirsin.

“Lakin biz bu gün humanist addım ataraq, erməniləri sülhə çağırırıq”, - deyə Arzu Nağıyev əlavə edib.

Xəbərlər