Azər Kərimli: "Ermənilərin ultramillətçi kəsiyi faşizm ideyalarına sitayiş edir"
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri bir qayda olaraq həm ölkə daxilində, həm də xaricində ciddi rezonans döğurur, müasir dövrümüzün ən önəmli hadisələrindən biri kimi tarixə köçür.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı tərəfindən başlanğıcını Zəfər yolundan götürən və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması Qarabağın yol infrastrukturunun yenidən qurulması və inkişafı baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Həyata keçirilən infrastruktur layihələri nəticəsində Füzuli rayonu Qarabağın nəqliyyat habına, Qarabağ isə regionun iqtisadi və mədəni mərkəzinə çevriləcək”.
Azər Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyevin Azıx mağarası, Alban məbədi və Azərbaycan əsgərlərinin yüksək mənəvi keyfiyyətlərilə bağlı səsləndirdiyi fikirlərin uzaq və yaxın tariximizdəki həqiqətləri əks etdirməklə bərabər, göz önündə olan erməni ultramillətçiliyini, vandalizmini görmək istəməyən qüvvələrə ünvanlanmış mesaj kimi qəbul olunmalıdır: “Ermənilər 30 ilə yaxın bir zaman kəsiyində işğal etdikləri Azərbaycan torpaqlarında daş üstə daş qoymayıblar, hətta yaşadıqları, qanunsuz olaraq məskunlaşdırdıqları əraziləri belə abadlaşdırmayıblar, yalnız dağıdıblar, viran qoyublar. Bu isə sübuta yetirir ki, azərbaycanlılara, türklərə qarşı vəhşi aqressiya, nifrət üzərində köklənən erməni toplumunun yeganə hədəfi xalqımızın izlərinin bu torpaqlardan silinməsi olub. 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarının sərvətlərini talan edən, “məğubedilməzlik” mifi yaradan ermənilər hətta Ermənistanın sərhədləri çərçivəsində normal, hüquqi dövlət qurmayıblar. Öz torpaqlarında öz xalqının rifahını təmin etməyən, onların kütləvi şəkildə başqa ölkələrə köçməsinə zəmin yaradan bir dövlətin başqa dövlətlərin torpaqlarına göz qoyması nonsensdir, xəstə təfəkkürün məhsuludur”.
Millət vəkili ermənilərin alban kilsəsini aşağılamalarının da onların xəstə təfəkküründən qaynaqlandığını bildirib:
“Ermənilər hətta xristianlığın özünə qarşı belə qeyri-səmimi və saxtakardırlar. Qriqoryan kilsəsinin xristian və bütövlükdə dünyəvi dinlər aləmində fitnə-fəsad mənbəyi olduğunu, özlərini “xristianlığı hər kəsdən öncə qəbul edən” bir xalq kimi dünyaya təqdim etməklə bəşər tarixinin ən böyük yalanlarını uydurmağa qadir olduqlarını nəzərə alsaq, o zaman ermənilərin ultramillətçi kəsiyinin xristianlığa yox, irqçilik, faşizm ideyalarına sitayiş etdiklərini daha dərindən anlaya bilərik”.
Azər Kərimli qeyd edib ki, cənab Prezident də qeyd etdiyi kimi, Azərbaycan əsgəri yüksək mənəvi dəyərlərin daşıyıcısıdır: “Azərbaycanın qəhrəman əsgər və zabitləri döyüş meydanında nümayiş etdirdikləri rəşadətlə, mülki şəxslərə qarşı sərgilədikləri humanizmlə xalqımızın bəşər tarixində ən mədəni və ən qəhrəman xalqlarından biri olduğunu sübuta yetirdilər”.