"“Azadlıq Radiosu”nda neqativ hallar varsa, lazımi ölçü götürülüməlidir"
““Azadlıq Radiosu” uzun illərdir, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində Radionun fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb, maneə olmayıb. Cənab Prezident İlham Əliyev mətbuata açıqdır, jurnalistlərə çox böyük hörmət, qayğı, diqqət göstərir. Onun vaxtaşırı jurnalistlərlə görüşü, istər yerli, istərsə də xarici jurnalistlərə verdiyi müsahibələr, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi tədbirlər bunu bir daha göstərir. “Azadlıq Radiosu”nun problemi bu gün onun daxilindən gələn problemdir, öz problemidir. Əgər bu Radioda işçilər işdən azad olunurlarsa, onlara sağlam münasibət yoxdursa, sözsüz ki, bu barədə rəhbərlik özü düşünməli, problemləri aradan qaldırmalıdır. Bunu dövlətin adına yazmaq, dövlətin “Azadlıq Radiosu”nu nəzarətə götürdüyünü şərh etmək əyani faktlara əsaslanmalı, əldə dəlillər olmalıdır”.
Bu sözləri müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Azərbaycan demokratik respublikadır, burada bütün orqanlar, təşkilatlar eləcə də informasiya şəbəkələri qanunvericiliyə uyğun fəaliyyət göstərməlidirlər: "Əgər “Azadlıq Radiosu”nun fəaliyyətində Azərbaycan həqiqətlərini yanlış təbliğ etmək, Azərbaycan dövlətinin imicinə ziyan vurmaq və bu kimi neqativ hallar varsa, sözsüz ki, bununla əlaqədar müəyyən tədbirlər görülməli, məsləhətləşmələr aparılmalıdır. Heç kim - istər mətbuat, istərsə də digər orqanlar bu çərçivədən kənara çıxmamalıdır. “Azadlıq Radiosu” ən çətin vaxtlarda Azərbaycan əleyhinə baş verən hadisələrlə bağlı çox obyektiv şərhlər verib. Amma Radionun fəaliyyətində müəyyən problemlər də olub. Bəzi yanlış məlumatlar efirə gedib, səsləndirilib. Ancaq buna heç vaxt ciddi bir reaksiya verilməyib, tədbir görülməyib. Çünki Azərbaycanda fəaliyyət göstərən bütün informasiya şəbəkələrinə açıq meydan verilib. Söz, mətbuat azadlığı qanunla qorunur, tənzimlənir. Bundan kənara çıxmaq, qanunvericiliyə əməl etməmək, qanunun tələblərini gözləməmək halları baş verirsə, dövlət, müvafiq orqanlar tədbir görməyə borcludurlar. Eləcə də “Azadlıq Radiosu”nda neqativ hallar varsa, lazımi ölçü götürülüməlidir. Lakin dövlətin bu Radionu nəzarətə götürməsi, fəaliyyətinə təsir etməsi reallıqlara əsaslanmır və yanlış mövqedir”.
pravda.az