Cəmiyyət 25 Avqust 2021, 14:10 | Baxış sayı: 281
"Azad edilmiş ərazilərdə məskunlaşma prosesi ilə bağlı da qanun layihələri olacaq".

Modern.az saytı Milli Məclisin komitələrinin qarşıdan gələn payız sessiyasına hazırlığı ilə bağlı rubrikasını parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə davam edib. Komitənin üzvü, deputat Vahid Əhmədovun dediyinə görə, hazırda bir sıra məsələlər üzərində iş gedir:

“Komitə olaraq hələlik toplaşmamışıq. Amma bir sıra məsələlər üzərində işləyirik. Biz çox istəyirik ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi gündəliyə salınsın. Ötən sessiyada təhsil kreditləri ilə bağlı məsələ gündəlikdə olsa da istənilən şəkildə müzakirə edilmədi. Yenidən baxılmasına ehtiyac var. Təhsil kreditləri ilə bağlı fond yaradıldı. Amma bu fond bütün tələbələri əhatə etmir. Hesab edirəm ki, əhatə dairəsini genişləndirməyə ehtiyac var. Bununla bərabər təhsil kreditini verən banklarla işi elə qurmaq lazımdır ki, vətəndaşlar üçün çətinlik olmasın”.

Vahid Əhmədovun fikrincə, payız sessiyasında komitənin qarşıya qoyduğu məqsədlərdən biri də rəqabətliliyin təmin olunması ilə bağlı layihənin (Rəqabət Məcəlləsi) müzakirəsi və qəbulunu həyata keçirməkdir:

“Biz inhisarçılıqla mübarizə üçün rəqabətliliyin formalaşdırılmasını təkid və tələb edirik. Qeyd etdiyim iki qanun bizim üçün çox vacibdir. Çalışacağıq ki, yeni sessiyada bunlar gündəliyə salınsın”.

Deputat, həmçinin əlavə edib ki, azad edilmiş ərazilərdə məskunlaşma prosesi ilə bağlı da qanun layihələri olacaq:

“İndi də bu məqamlar haqqında müzakirələr gedir. Yeni sessiyada azad olunmuş ərazilərlə bağlı qanunlar nəzərdə tutulur”.

Xəbərlər