Ümumi 17 Aprel 2023, 14:15 | Baxış sayı: 88
"Ayna Sultanovanın xidmətləri var, abidəsini götürmək olmaz, Nuru Paşaya da heykəl qoymaq lazımdır"

Azərbaycan tarixinin ilk qadın naziri, bolşeviklər nəslinin nümayəndəsi olan Ayna Sultanovanın Bakıda yerləşən heykəlinin götürülməsi məsələsi yenidən gündəmə gəlib.

 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, tarixi şəxslər müsbət-mənfi keyifyyətləri nəzərə alınmaqla tarixdə yaşamalıdırlar.

 

"Onların həm müsbət cəhətləri, həm yol verdikləri nöqsanlar gənc nəslə çatdırılmalıdır. Dünyanın bir çox ölkələrində böyük tarixi şəxsiyyətlərin abidələri uzun müddətdir, yaşayır. Pyotrun, Leninin, Napoleonun heykəli olan ölkələr var. Bunlar tarixi şəxsiyyətlərdir. Bizdə kiminsə bir balaca səhvi olubsa, onun keçmişi, gördüyü, xalq üçün həyata keçirdiyi işlər nəzərə alınmır, hamısı unudulur, deyilir ki, abidəsi götürülsün, tarixdən silinməlidir. Əslində tariximizi öyrənməli və bundan nəticə çıxarmalıyıq. Belə halda gələcəyə gedə bilərik. Nəriman Nərimanovun da heykəlinin götürülməsi ilə bağlı fikirlər yürüdülür. Nərimanovun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri olub. Ayna Sultanovanın da xidmətləri var. Onun qadın azadlığı, qadınların işləməsi, təhsili haqqında yaxşı fikirləri olub. Buna istinad etmək lazımdır. Heykəldir də, durub orda. Qoy Ayna Sultanovanın yaxşı cəhətlərini bilənlər yaxşı cəhətlərini götürsünlər, səhvləri varsa, müasir gənclərimiz həmin səhvlərdən nəticə çıxarsınlar. Əslində o heykəl bir tarix, bir nümunədir. O nümunənin yaxşı-pis cəhətləri öyrənilməli, nəticə çıxarılmalıdır. Yoxsa hər şeyi götürüb ləğv edək… Onda hamısının adı silinib gedəcək, tariximiz çox yoxsul görünəcək. Əslində belə heykəllərin yığılıb hansısa muzeydə saxlanılmasının da tərəfdarı deyiləm. Zəhmət çəkilib, xərc qoyulubsa, qoy qalsın. Xarici ölkələrdə insalığa qarşı böyük fəalkətlər törədən şəxslərin də heykəlləri saxlanılır ki, tarixdir və insanlar onların pis əməllərindən nəticə çıxarsınlar", - deputat bildirib.

 

T.Rzayev "Bakını işğaldan azad edən Nuru Paşanın heykəli yoxdursa, Ayna Sultanovanın heykəlinin olması qanunauyğundur" deyənlərə isə belə münasibət bildirib: "Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan, zəhməti olan hər bir adamın adına küçə salmağa da, xatirəsini yad etməyə, abidəsini ucaltmağa da borcluyuq. Bəli, Nuru paşaya da heykəl qoyulmalıdır, bu, vacibdir. Amma başqalarını tarixdən silməməliyik. Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda mübarizə aparan hər kəsin xatirəsi bizim üçün əzizdir və onun qarşısında baş əyməliyik..."

Xəbərlər