"Avropanın siyasi mərkəzlərindən səsləndirilən qərəzli bəyanatlar Cənubi Qafqaz xalqlarının mənafeyinə xidmət etmir"
Avropanın siyasi mərkəzlərindən səsləndirilən qərəzli bəyanatlar Cənubi Qafqaz xalqlarının mənafeyinə xidmət etmir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O, qeyd edib ki, Fransa hökumətinin atdığı addımlar regionda uzunmüddətli gərginlikdən sonra yaranmış sülhün əldə olunması, sabitlik və inkişafın təmin edilməsi imkanlarını məhdudlaşdırmağa yönəlib.
Soltan Məmmədov vurğulayıb ki, Fransanın Ermənistanı silahlandırmaq cəhdləri Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid edir. Bu cür təşəbbüslər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına maneə yaradır: “Ermənistan hökuməti bir tərəfdən 3+3 platformasında iştirak edir, region problemlərinin bu bölgədə mövcud olan ölkələr arasında müzakirəsinə dair sənədə imza atır, digər tərəfdən isə Avropa İttifaqı, NATO kimi təşkilatların Cənubi Qafqaza təsirini artırmağa yönəlmiş addımlar atır. Biz, bir daha görürük ki, Ermənistan tarixin dərslərindən lazımı nəticə çıxara bilmir. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə bərabər, vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını, sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. Belə olan halda Ermənistanın sürətlə silahlanmağa çalışması hansı məqsədə xidmət edir? Təəssüf ki, bəzi Avropa ölkələri, xüsusilə də Fransa bu prosesdə Ermənistana dəstək verir”.
Deputat bildirib ki, Ermənistanın silahlandırılması, Avropanın siyasi mərkəzlərindən regionla bağlı səsləndirilən qərəzli bəyanatlar Cənubi Qafqazda yaşayan xalqların mənafelərinə xidmət etmir. O qeyd edib ki, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını ən yaxın illərin təcrübəsi sübut edib: “Lakin görünür, Ermənistana gizli və açıq dəstək verən bəzi ölkələr yaranmış yeni reallıqlarla barışmaq istəmir. Təəssüf ki, biz növbəti dəfə beynəlxalq münasibətlər sistemində hüququn və ədalətin deyil, ayrı-ayrı dövlətlərin maraqlarının daha təsirli rol oynadığını müşahidə edirik. Ermənistan hökuməti tarixdən nəticə çıxarmalı, revanşizmi təşviq edən tərəfdaşlarının əslində bu ölkəni yeni təhlükəyə sürüklədiyinin fərqində olmalıdır”.
Soltan Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşıb. Bəzi ölkələrin bu yeni reallıqla barışmaması mümkündür, lakin bu ölkələr vəziyyəti dəyişmək gücündə deyil. APA