Siyasət 6 Oktyabr 2023, 13:31 | Baxış sayı: 190
"Avropa Parlamentinin məlum qətnaməsi riyakarlığın davamıdır"

Avropa Parlamentinin yüngül, bir o qədər də dayaz və özünü biabır edən qərarları bizə çoxdan məlumdur. Biz o cümlədən beynəlxalq hüququn hansı gücə sahib olduğunu, kimlərin əlində oyuncağa çevrildiyini çox yaxşı bilirik. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən əndişə keçirən, yeri gəldi-gəlmədi yersiz bəyanatlar səsləndirən, hətta buna görə yuxusu ərşə çəkilən dövlətləri 30 il münaqişənin sülh yolu ilə həll edilməsinə cəlb etmişdik. Amma nəticədə nə gördük?! Əllərindən bir iş gəlmədi, yalnız mənasız danışıqlar apardılar, bir milyondan artıq məcburi köçkünün hüquqlarını düşünmədilər. Baxmayaraq ki, hər şey göz qabağında idi. İndi durub bunların insan hüquqları ilə bağlı hansı fikrinə inanasan?!. Niyə bəs o zaman beynəlxalq hüquqa istinad etmirdiniz!? Məgər BMT-nin məlum qətnamələrini özünüz qəbul etməmişdiniz!? Vaxtı 30 il uzatmaqla fikriniz nə idi? Elə bilirdiniz ki, Azərbaycan torpaqlarını Ermənistana ərməğan edəcəksiniz!? İşğalçı, azərbaycanlılara qarşı soyqırımları törətmiş Ermənistanın havadarları, Siz məğlub oldunuz. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sizin dəstəklədiyiniz təcavüzkar dövlətin bütün işğal planlarını puça döndərdi, bölgəni bataqlıqdan xilas etdi, yeni vəziyyət formalaşdırdı. İstəsəniz də, istəməsəniz də bu reallıqları qəbul etməyə məcbursunuz, çünki bu reallıq dəyişməzdir, beynəlxalq hüquqa əsaslanır, sülh və təhlükəsizliyə, tərəqqiyə, yeni inkişafa istiqamətlənib.


Bu fikirləri Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.


Onun sözlərinə görə, Azərbaycan əleyhinə qəbul edilən qətnamə göstərir ki, orada oturanların, sənədin lehinə səs verənlərin nəinki bölgədəki proseslərdən, heç dünyadan xəbərləri yoxdur:


“Nə qədər gülünc olsa da, təşkilatın qətnaməsində iddia olunub ki, bölgədə beynəlxalq hüquq və normalar pozulub. Yaxşı, iddianızda haqlısınızsa, çox yox, bununla bağlı bir faktı ortaya qoyun ki, Azərbaycan beynəlxalq hüququ pozub. Nə qədər utanmaz və qeyri-abırlı olasan ki, beynəlxalq hüquqdan danışasan. Onu bütün məsələlərdə ayaqlar altına atan siz deyilsiniz!? Dünyanın müxtəlif yerlərində qərəzli mövqeyinizi yeritmək üçün artıq beynəlxalq hüquqa geyindirmədiyiniz don qalmayıb. Həmçinin “etnik təmizləmə”dən danışırlar. Guya Azərbaycan Qarabağda “etnik təmizləmə” aparıb. Hamının gözü qarşısında baş verdi ki, insanlar ərazidən könüllü şəkildə gediblər. Yeri gəlmişkən, yuxarıda da qeyd etdiyim kimi, 30 il əvvəl Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləməni görməmişdiniz!? Daha əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 minə yaxın insan ata-baba yurdlarından didərgin salınıb, əmlakları mənimsənilib. İndi biz sizin gözünüzə hansı ölçüdə eynək taxaq ki, bu həqiqətləri görə biləsiniz!?”


“Təbii ki, Avropa Parlamentinin bu utanmaz, mənasız, rüşvət qoxuyan qətnaməsinin Azərbaycan dövlətinə gücü çatmaz, onu haqq yolundan döndərə bilməz. Bizim yolumuz əsl beynəlxalq hüquqa əsaslanır. Avropa Parlamentinin üzvlərinə tövsiyə edərdim ki, erməni lobbisinin çaldığı havalara oynayaraq özlərini gözdən salmasınlar”, - Milli Məclisin deputatı bildirib.

pravda.az

Xəbərlər