"Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi riyakarlıq nümayiş etdirib"
Avropa İnsan Hüquqları Məhkəməsi növbəti dəfə hüquqi riyakarlıq nümayiş etdirərək Narayan və başqaları Azərbaycana qarşı işi üzrə cari ilin 16 dekabr tarixində qərar çıxararaq, Avropa İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsi ilə nəzərdə tutulmuş yaşamaq hüququnun dırnaq arası pozuntusunu müəyyən edib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov deyib.
Deputat bildirib ki, dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman pusquya düşüb şəhid olan Azərbaycanın Milli qəhrəmanı Çingiz Qurbanovun yaşamaq hüququ deyil, təxribat törədənlərin hüquqları qorunur: “Azərbaycan Respublikası Konstitusiyasının əsasında olan prinsiplər, findamental insan hüquqlarının qoruması prinsipi də daxil omaqla, milli hüquq sistemi çərçivəsində beynəlxalq hüquq normalarının həyata keçirilməsində normativ filtr rolunu oynayır. Referendum yolu ilə qəbul edilmiş prinsiplərə zidd olan heç bir hüquq norması, hər hansısa beynəlxalq məhkəmə orqanının qərarları tərəfimizdən icra edilə bilməz. Belə bir yanaşma beynəlxalq miqyasda geniş vüsət almış və son dövrlərdə Almaniya, İtaliya, Macarıstan və başqa Avropa ölkələrinin konstitusiya məhkəmələrinin qeyd etdiyim əks məhdudiyyətlər doktrinası ilə əsaslandırılan qərarlarında öz əksini tapıb. Ölkəmizə qarşı müxtəlif istiqamətlərdən hücumların baş verdiyi dönəmdə Konstitusiya hüquq sisteminin qorumasının təmin edilməsi üçün hüquqi immunitetlərin gücləndirilməsinə ciddi ehtiyac var”. APA