Siyasət 18 May 2023, 16:23 | Baxış sayı: 87
"ATƏT-in Türkiyədəki seçkilərə verdiyi qiymət siyasi-hüquqi riyakarlıq etalonu hesab edilə bilər"

Türkiyədə keçirilən seçkilər demokratik seçki etalonu, ATƏT-in bu seçkilərə verdiyi qiymət isə siyasi-hüquqi riyakarlıq etalonu hesab edilə bilər.

 

Bunu Türk Dövlətləri Təşkilatının xətti ilə Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə etmiş deputat Hikmət Babaoğlu bildirib.

 

Hikmət Babaoğlu deyib ki, Türkiyənin siyasi sistemi və seçki institutları qədər seçkilərə və onun nəticələrinə münasibətdə həssaslıq nümayiş etdirən ikinci sistem təsəvvür etmək mümkün deyil: “Seçki prosesində ən radikal dil və üslubdan istifadə edən siyasi qüvvələrin 14 may tarixində keçirilən seçkilərin nəticələrinə heç bir xüsusi etiraz bildirməməsi də ölkə daxilində siyasi aktorların öz milli demokratiyalarına inam və etibarın göstəricisidir. Belə olan halda ATƏT-in seçkilərin nəticələrini şübhə altına alan açıqlamalarla çıxış etməsi absurd olmaqla yanaşı, həm də qərəzli və məqsədyönlü mövqe hesab edilə bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersenin “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini”ni iddia etməsinə gəldikdə, bu fikir kökündən yanlışdır. Çünki seçicilərin 90 faizə yaxın iştirakçılığı ilə keçirilən bir seçkidə iştirakçılığın məhdudlaşdırılmasını iddia etmək yalnız Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ağlına gələn “arqument” ola bilər”.

 

Deputat qeyd edib ki, Avropanın heç bir ölkəsində uzun illərdir ki, seçici fəallığı əsla Türkiyədə qeydə alınan 90 faizə yaxın seçici fəallığı ilə müqayisə ediləcək səviyyəyə yaxın da gəlməyib: “Üstəlik, seçki təbliğat –təşviqat kompaniyasında əsla və əsla heç bir siyasi qüvvənin və siyasi dünyagörüşün özünü ifadə azadlığı məhdudlaşdırılmayıb. Tam əksinə, bəzən bu azadlıqlar anarxiya həddinə çataraq qardaş ölkəni ərazi bütövlüyünü və milli Konstitusiyasının əsaslarını təhdid edəcək səviyyə yüksəlib. Heç bir Avropa ölkəsi “demokratiya və azadlıqlar”a bu qədər düzümlülük nümayiş etdirə bilməyib və bilməz də. Belə olan halda bu, sadəcə, Türkiyə demokratiyasını istismar etmək və Türkiyəni demokratiya ilə şantaj etməkdən başqa bir şey deyil. Çünki Avropaya güclü və demokratik Türkiyə deyil, zəif və idarəolunan Türkiyə lazımdır. ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hansı rəydə olmasına baxmayaraq, Türkiyə 14 may seçkilərində mühüm bir demokratiya imtahanını uğurla verərək daha da güclənmiş oldu. 28 may isə bu uğurun öz məntiqi nəticəsinə çatmasının təntənəsi tarixi olacaq”.

Xəbərlər