Siyasət 26 Yanvar 2024, 14:30 | Baxış sayı: 222
"AŞPA-nın addımlarının səbəbi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir"

AŞPA-nın addımlarının gerçək səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir.

Bu  açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı total hücuma keçiblər: “Bu “hücumlar” beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı riyakar mövqe tutan Avropa Parlamenti ilə yanaşı Avropa Şurası Parlament Assambleyası da özünün “erməni sevgisi” naminə qəbul olunmuş prinsiplərini, Avropa dəyərlərini ayaqlar altına atır. Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞPA nəinki Ermənistanın işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Görünən odur ki, AŞPA müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir”.

Deputat xatırladıb ki, AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi: “Bugünlərdə təşkilatın ölkəmizə qarşı çıxardığı qərar da bu qərəzli fəaliyyətin davamıdır. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. Təşkilatın bu davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Aydındır ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Görünən odur ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərməyə çalışır. AŞPA-nın bu kimi addımlarının gerçək səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Prezidentimiz İlham Əliyev müstəqil və milli maraqlarımızı təmin edən siyasət həyata keçirir. Məhz bu siyasət nəticəsində biz tarixi zəfərə nail olmuşuq. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan bundan sonra daha güclənəcək, müəyyən xarici dairələrin regiondakı məkrli planlanlarının qarşısını alacaq. Həmin dairələrin əlində alət olan AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyinin əsasında da bu amillər dayanır. Çünki Ermənistanın işğalçı siyasəti onların maraqlarına uyğun idi. Lakin işğalçı ölkənin məğlubiyyəti həmin planları iflasa uğratdı. Bu səbəbdən də ölkəmizə total hücumlar təşkil olunur. Lakin bütün bunlar dövlətimizin və xalqımızın iradəsinə təsir edə bilməz”.

AŞPA-nın irəli sürdüyü digər arqumentə gəlincə, Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın AŞPA-nın seçkilərə dəvət olunması kimi öhdəliyi yoxdur, əsas seçki izləyən institut olan ATƏT- Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiləri müşayiət edəcək: “Azərbaycanın “yerinə yetirmədiyi” öhdəliklər dedikdə ilk növbədə “LGBT hüquqlarının qorunması” nəzərdə tutulur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir və s. Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb”.

APA

Xəbərlər