Siyasət 26 Yanvar 2024, 3:56 | Baxış sayı: 173
"AŞPA insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir"

AŞPA deputatlarının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səslərinin dondurulmasına dair qərarı ölkəmizə qarşı növbəti qərəzli mövqeyin nümunəsidir. Biz dəfələrlə AŞPA nın Azərbaycana qarşı qərəzli qərarlarının qəbul edilməsinin şahidi olmuşuq. Bu dəfə AŞPA Azərbaycanı insan hüquqlarının pozulmasında günahlandırır. 30 il Ermənistan torpaqlarımızı işğal altında saxladığı vaxtlarda, 1 milyon azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırım törədiləndə, 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə olsun belə səsini çıxartmadı. Ermənistanın törətdiyi bu vəhşiliyə görə bu ölkəyə qarşı heç bir qərar qəbul etmədi. 

Fransa, Almaniya  və bir sıra Qərb dövlətlərinin şəhərlərində insanlar hər zaman polis zorakılıqlarına məruz qalır, onlar döyülür, həbs olunur. Nədənsə AŞPA bunları görmək istəmir. Fransa Afrika, Şərqi Asiya dövlətlərinə qarşı neokolonializm siyasəti həyata keçirəndə, bu ölkənin milyonlarla insanlarını qətlə yetirəndə AŞPA Fransaya heç bir təsir göstərmədi. Bu gün Fransa Korsikada milli azadlıq hərəkatının üzvlərini təqib edir, onları həbs edir. AŞPA insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir.

Azərbaycan BMT TŞ nın qəbil etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq torpaqlarını işğaldan azad etdi, suverenliyi və ərazi bütövlüyünü bərpa etdi. Bununla Azərbaycan  həm də dünyada beynəlxalq hüququn,  ədalətin bərpa olunmasına yardımçı oldu. Dünyada ikili standartların hələ də mövcud olunması səbəbindən AŞPA Azərbaycana qarşı bu cür ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirir. Azərbaycana qarşı yönələn bu cür çirkin əməllərin arxasında şübhəsiz ki, Fransa dövləti dayanır. Fransanın Azərbaycana qarşı  törətmək istədiyi bütün təxribatlar Prezident cənab İlham Əliyevin apardığı gətiyyətli və uzaqgörən siyasəti sayəsində fiaskoya uğrayıb. Fransanın Azərbaycan qarşısında məğlubiyyətlərinin qisasını almaq məqsədilə Almaniya dövlətindən istifadə etmək qərarına gəlməsi bu ölkənin acizliyinin nümunəsidir. Ölkəmizə qarşı yönələn bu dəfəki təklifin müəllifinin almaniyalı deputat Frank Şvabenin olması təəccüblü deyil. Çünki bu şəxs hər dəfə Azərbaycana qarşı gəbul edilmiş qərarların müəlliflərindən biri olmuşdur. 

Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda bu təşkilatın ədalətin yanında olacağını düşünürdü. Təəssüf ki, bu qurum ismalafob, türkəfob düşüncəli nümayəndələrin düşərgəsinə çevrilmişdir. 
Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA da fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdi. AŞPA Fransa və Almaniya  hakimiyyətinin və Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır. AŞPA və Qərbdəki bəzi bədnam siyasətçilər düşünür ki, bu cür qətnamələr qəbul etməklə və əsassız bəyanatlar səsləndirməklə Azərbaycana təsir göstərə biləcək.  Azərbaycanın əldə etdiyi Qələbəni, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlərdən biri də hər zaman ölkəmizə qarşı qərəzli, təxribat xarakterli bəyanatlar səsləndirən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borreldir. C. Borrel Avropa İttifaqı Xarici Əlaqələr Şurasının yekununa dair Mətbuat konfransında bir daha  ermənilərə olan sevgisini nümayiş etdirərək Azərbaycanın ünvanına qərəzli,  böhtan xarakterli ifadələr səsləndirmişdir. İspaniyadan olan C.Borrelinin dəfələrlə ikiüzlü siyasət aparmasının şahidi olmuşuq. Dünyada separatizmin təzahürlərini pislədiyini deyən Borrel, 2023- cü ildə Azərbaycan Qarabağda separatçılara qarşı antiterror tədbirləri həyata keçirən vaxt, erməni lobbisinin diqtəsinə uyğun olaraq erməni separatizminə dəstək nümayiş etdirmişdir.

Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ədalətə və sülhə xidmət edir və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan artıq Qarabağ problemini özü həll edib və beynəlxalq aləmdə heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. Ümumiyyətlə AŞPA-nın Azərbaycana qarşı gəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir.

Kamilə Əliyeva 
Milli Məclisin deputatı, professor

Xəbərlər