Siyasət 26 Oktyabr 2022, 13:52 | Baxış sayı: 140
“Azərbaycan xalqı əleyhinə cinayətlərdə iştirak etmiş şəxslərlə danışıqlar aparılması məqbul sayıla bilməz”

“İstənilən halda, Azərbaycan Qarabağ ərazisində yaşayan, Konstitusiyamıza, qanunvericiliyimizə uyğun şəkildə gələcəyini qurmaq istəyən erməni icması ilə münasibətləri qurmalıdır. Danışıqların hansı formatda aparılması ikinci mərhələdir və bu, qarşılıqlı müzakirələrdən sonra müəyyənləşdirilə bilər. İndiki erməni icmasının rəhbəri Araik Arutyunyan Azərbaycan xalqı, dövləti əleyhinə bir çox cinayətlərdə fiqurant olaraq keçir. Burada ortaq məxrəcə gəlmək mümkündür. Yerli icmalar səviyyəsində bu danışıqlar aparıla bilər. Məsələn, Qarabağ iqtisadi rayonunun rəhbərliyi səviyyəsində Qarabağın erməni icması ilə danışıqların aparılması, gələcəkdə birgəyaşayış qaydalarının, normaların müəyyənləşdirilməsi mümkündür. Ola bilər, Araik olmasın, ümumiləşdirilmiş obrazda desək, Aşot olsun. Fərq etməz. Əsas siyasi iradə, sülhə yönəlik addımların atılmasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat hesab edir ki, Azərbaycan erməni icması tərəfindən bu pozitiv siqnalları görsə, danışıqların formatı xüsusi əhəmiyyət kəsb etməyəcək: “Əsas Qarabağ ərazisində yaşayan erməni icmasının Azərbaycan qanunvericiliyini, Konstitusiyasını, dövlət atributlarını qəbul etməsi, gələcək yaşayışlarını Azərbaycan dövlətinin suveren ərazisində görməsidir. Danışıqlar isə müxtəlif tərkibdə - Qeyri-Hökumət Təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə də aparıla bilər. Hansısa dövlət strukturlarının nümayəndələri iştirak edə bilərlər. Ancaq birbaşa Araik Arutyunyan, yaxud Azərbaycan xalqı əleyhinə kütləvi cinayətlərdə iştirak etmiş digər şəxslərlə danışıqlar aparılması məqbul sayıla bilməz. Siyasi iradə olarsa, hesab edirəm, bu, erməni icması tərəfindən də adekvat, anlayışla qarşılanar. Belə halda onlar tərəfindən danışıqlara barışdırıcı imicə malik, barışdırıcı mövqedən çıxış edən şəxslər təyin oluna bilərlər”.

Xəbərlər