Siyasət 26 May 2023, 16:53 | Baxış sayı: 198
"Artıq xalqımız 28 May - Müstəqillik Gününü torpaqlarımızın azad edilməsinin sevinci ilə bərabər yaşayır"

"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümüdür. 1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini, idarə-üsulunu Azərbaycan xalqı gətirdi. İstiqlala gətirən yol maarifçilik, milli özünüdərk, milli şüurun formalaşması kimi böyük bir prosesdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa zamanda 350  tarixi ilkə imza atıb. Yenicə qurulmuş gənc dövlət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti, Hökuməti və dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən olduqca az ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə söykənərək, ölkədə dini-etnik tənzimləmə siyasəti aparmış, vicdan azadlığının qorunmasına xüsusi önəm vermiş, azsaylı xalqların nümayəndələrinin 1918-ci ilin dekabrın 7-də açılan Parlamentdə yer almalarına şərait yaradıb:

"Tarixən müxtəlif mədəni təbəqələrə malik olan ölkədə dövlət-vətəndaş münasibətlərinin sivil modelini yaratmışdı. Şərqə demokratiyanın ilk işığını gətirən Azərbaycan Xalq Cümhuriyyəti de-fakto və de-yure olaraq iri dövlətlər tərəfindən tanınmış və beynəlxalq hüququn subyektinə çevrilmişdi. 
Təəssüf ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. 

XX yüz ilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi. Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzində olan müstəqil ölkə, regionun lider dövlətidir. Yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı".
 
K.Bayramov diqqətə çatdırıb ki,  bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir:

"Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Yeni əsrin yeni lideri İlham Əliyev 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. Məhz, bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi". 

Deputat bildirib ki, məhz, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız iki ildən artıqdır ki, 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə bərabər yaşayır və qeyd edir:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi öz üzərinə götürdüyü əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, həm də işğaldan azad olunmuş ərazilərin  ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir".

Xəbərlər