Siyasət 8 Fevral 2023, 15:34 | Baxış sayı: 120
“Artıq separatizmlə heç nə etmək mümkün deyil”

“Bilirsiniz ki, son vaxtlar Ermənistan tərəfindən də Ruben Vardanyanla bağlı müəyyən məsələlər ortaya çıxmışdı. Vardanyana bu vəzifəni təkcə Qarabağda məsələlərin qarışması üçün deyil, eyni zamanda tramplin kimi Ermənistanda hakimiyyətə gəlməsi üçün etibar etmişdilər. Necə ki bu yolla mərhələ-mərhələ keçmiş cinayətkarlar Köçəryan və Sarkisyan Qarabağ kartı ilə Ermənistanda hakimiyyətə gəlmişdilər. Aydındır ki, Vardanyan da eyni yolu seçmişdi. İstər gənclərimizin keçirdiyi aksiyalar, istər Vardanyanla bağlı Azərbaycan ictimaiyyətinin, dövlət orqanlarının qaldırdığı məsələlər, onun sülh prosesinə törətdiyi maneələr – bütün bunların hamısı və son hadisələr Vardanyanın Qarabağdan qaçmasının əsas səbəblərindən biridir. Yəni artıq separatizmlə heç nə etmək mümkün deyil...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Komitə sədri bildirib ki, Ermənistan əvvəl-axır imzalanmış protokollara uyğun addımlar atmalıdır: “Bu, onun yeganə çıxış yoludur. Başqa yolu da yoxdur. Ermənistanı müdafiə edən dövlətlərdə baş verən hadisələr, o cümlədən daim ona köməklik göstərən İrandakı son hadisələr, qarşıda gözlənilən hadisələr Ermənistanın gələcək taleyinin çox ciddi təhlükə altında olduğundan xəbər verir. Bu baxımdan, orada olanlar da düşünürlər ki, tezliklə Azərbaycanla razılığa gələrək  sərhədlərin dəqiqləşdirilməsi, sülh müqaviləsinin imzalanması, yolların açılması Ermənistana bir nəfəslik ola bilər. Bu, Ermənistandakı parlament müzakirələrində də, Baş nazir Nikol Paşinyanın çıxışlarında, bəyanatlarında da artıq özünü göstərməyə başlayıb. Görürsünüz ki, ermənilər hissə-hissə artıq Azərbaycan Prezidentinə, Azərbaycana müraciət edirlər ki, vətəndaşlığı qəbul etmək istəyirik. Onlar Azərbaycanda gedən inkişafı, işğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq işlərini, yolların çəkilməsini, infratrukturun qurulmasını, hava limanlarının tikilməsini, yeni, müasir kəndlərin, şəhərlərin salınmasını görürlər. İstər-istəməz başa düşürlər ki, dotasiya, yaxud yardımla yaşamaq mümkün deyil və Azərbaycan kimi bir dövlətin tərkibində, təbii ki, digər vətəndaşlar kimi ermənilər də tam azad şəkildə yaşaya bilərlər”.

Xəbərlər