Cəmiyyət 24 Yanvar 2022, 15:09 | Baxış sayı: 229
"Armen Sarkisyanın varlığı ilə yoxluğu onsuz da bilinmirdi".

“Armen Sarkisyanın varlığı ilə yoxluğu onsuz da bilinmirdi, çünki Ermənistan parlamentli respublika olduğuna görə orada prezidentin səlahiyyətləri olduqca məhduddur. Prezidentin daxili və xarici siyasətdə, demək olar ki, heç bir rolu yoxdur. Sadəcə olaraq, Prezident kontitutsion normaların qorunmasında formal vəzifə daşıyırdı. Armen Sarkisyanın istefasının bir neçə səbəbləri ola bilər. Misal üçün, ola bilər ki, o, Ermənistanda planlaşdırılmış prezident üsul-idarəsinə keçidlə bağlı plan qurur və gələcəkdə Prezident seçkilərində iştirak etmək məqsədilə belə addım atıb”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistan Prezidenti Armen Sarkisyanın istefası ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, istefanın digər səbəbi isə Ermənistanın məğlub ölkə olması ilə bağlıdır: “Yəni, ölkə daxilində xüsusilə müharibədən sonra yaranmış reallığa əsasən, Ermənistan hələ uzun illər sonra da normal dövlət qurmaq iqtidarında olmayacaq. Ermənistanın daxilindəki təbəqələşmə, müxtəlif siyasi qütblərə xidmət edən ayrı-ayrı siyasi partiyalar, diaspor və s. kifayət qədər ciddi fikir ayrılığına malikdirlər. Ona görə də vahid hökumətin formalaşması, güclü dövlətin yaranması xülyadır. Fikrimcə, Armen Sarkisyan bu məğlubiyyətləri Paşinyan iqtidarı ilə bölüşmək istəmədiyi üçün belə addım atıb”.

N.Məhəməliyevin qeyd edib ki, üçüncü variant kimi isə istefanı Sarkisyanın Britaniya vətəndaşlığı əldə etməsi ilə əlaqələndirmək olar: “Armen Sarkisyan birmənalı olaraq Ermənistanın gələcəyində perspektiv görmür, normal dövlət qurmaq imkanının olmadığını bilir. Düşünür ki, kifayət qədər zəngindir, xarici ölkə vətəndaşlığı var... Yəni, ömrünü belə problemlərdən kənarda başa vurmaq üçün şərait yaranıb. Nəticə etibarilə aydın məsələdir ki, Ermənistan hələ yaxın on illiklərdə normal dövlət qura bilməyəcək. Ona görə də Sarkisyan istefa etmək seçimindən yararlanıb”.

Xəbərlər