Siyasət 27 Dekabr 2022, 13:31 | Baxış sayı: 140
“Araik də, Vardanyan da tutularaq, Azərbaycan məhkəmələri qarşısına çıxarılacaq”

"Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində varlığını sürdürən separatçı rejimin hər bir ünsürünün cinayətkar fəaliyyəti təkzibolunmaz faktlarla sübut olunub. Hətta bir çox hallarda törədilmiş əməllərə görə xüsusi sübuta ehtiyac duyulmur. Məsələn, Araik Arutunyan özü dəfələrlə bəyan edib ki, Gəncə şəhərində dinc insanlara raket hücumu əmrini o verib. Arutunyan və separatçılar bu cinayətləri Azərbaycana və Azərbaycan xalqına qarşı elə bizim öz ərazimizdə törədib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, Rusiyada bəzi dairələrin layihəsi olan Vardanyana münasibətdə isə məsələ nisbətən fərqlidir:

"Vardanyan cinayətlərin böyük bir qismini Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərindən kənarda, Rusiya və bir sıra Avropa ölkələrində törədib, hazırda isə cinayətlərinə Azərbaycan ərazilərində davam edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, cinayət qanununun həm Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə, həm də Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi müəyyən edilib.  Azərbaycan Respublikasının ərazisində, o cümlədən ərazi sularımızda, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında cinayət törətmiş şəxs Azərbaycanın cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilir". 

Deputat daha sonra bunları əlavə edib:

"Azərbaycan hüdudlarından kənarda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, Azərbaycan qanunları əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Arayikin Qarabağ və Şərqi Zəngəzurda, Vardanyanın isə Rusiya, Avropa və Azərbaycanın öz ərazilərində Azərbaycan xalqına münasibətdə törətdiyi əməllərə görə məhkum olunmayıb. Bu mənada milli qanu vericiliklə də, beynəlxalq hüquqla da Azərbaycanın Vardanyanı da, digər separatçıları da cinayət məsuliyyətinə cəlb etmək hüququ var. Bilirsiniz ki, separatçı quldurbaşıların çoxu barədə cinayət təqibinə start verilib və beynəlxalq axtarış elan edilib. Araik də, Vardanyan da digərləri də mütləq tutularaq, Azərbaycan məhkəmələri qarşısına çıxarılacaq. Buna heç kimin şübhəsi olmasın".

Xəbərlər