Cəmiyyət 19 Sentyabr 2022, 14:09 | Baxış sayı: 157
“Anti-milli ünsürlərin davranışında ermənidən çox erməni olmaq istəklərini görürəm”

“Budəfəki döyüşdə də Azərbaycan Ordusu tarix yazdı. Bu gün erməni mətbuatına baxın, sosial şəbəkələrini izləyin, bəzi rəqəmlərdə 400-500, hətta  bundan çox erməni əsgər və zabitinin öldürüldüyü vurğulanır. Paşinyan bunu etiraf etməyə başlayıb, hər gün yeni-yeni rəqəmlər söyləyir. Biz qalib gəlmişik. Belə olan vəziyyətdə yenə də anti-milli ünsürlər başlayıblar cənab Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi hədəf almağa. Söyləyirlər ki, “niyə o, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumu çərçivəsində keçirilən mərasimdə gülərüz idi, niyə ruh yüksəkliyi var idi? O, nədən razı idi? Şəhidlərimiz var, Azərbaycan Prezidenti çox qəmgin olmalı idi”. Belə çıxır ki, cənab Prezidentin başı sinəsinə əyilməli idi? Cənab Prezidenti bu vəziyyətdə görmək istəyirlər? Ali Baş Komandan müzəffər, qalib gəlmiş bir Komandandır. O, qalib dövləti təmsil edir. Onun formalaşdırdığı yenilməz Azərbaycan Ordusu yenidən erməni silahlı qüvvələrinin başını əzdi, bel sütununu sındırdı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, bu gün Ermənistan matəm içərisindədir: “İrəvan qaynayır. Niyə? Radikal müxalifət bu sualın da cavabını tapsın. Ona görə ki, məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənin yenə də burnunu əzib, ölümcül zərbə endirib. Bu gün erməni anaları üsyana qalxıblar ki, “niyə övladlarımızı mənasız ölümə göndərirsən, axı qarşınızda güclü Azərbaycan dövləti var, ayağınızı yorğanınıza görə uzadın, hansı güc, hansı potensialla Azərbaycanla müharibəyə gedirsiniz?” Bu gün Paşinyanın istefasını tələb edirlər. Biz qalib dövlətik, qalib dövlətin rəhbəri özünü necə aparmalıdır? Cənab İlham də Əliyev qalib kimi özünü aparır. Belə də olmalıdır. O arzularınız ürəyinizdə qalacaq. Siz istəyirsiniz ki, cənab Prezident bu cür beynəlxalq tədbirdə kefsiz, ümidsiz vəziyyətdə olsun, baxışlarından inamsızlıq yağsın. Bunu istəyirsiniz? Heç zaman görməyəcəksiniz, heç yuxularınızda da. Azərbaycan dövləti, onun rəhbəri, xalqımız qalibdir, müzəffərdir. Qalibin davranışına uyğun davranışı Azərbaycan Prezidenti ortaya qoyub. Bu gün belədir, sabah da belə olacaq. Heç kim, heç nə bizim qarşımızı ala bilməz. Necə ki ala bilmədi”.

 

E.Nəsirov deyib ki, radikal müxalifət son şansını da itirib: “Bəli, itkilərimiz var, şəhidlər vermişik. Belə bir məqamda xalqın yanında olmaq əvəzinə, onlar ermənilərin yanında oldular. Erməni ekspertlərin söylədikləri ilə özünü “Milli Şura”, “müstəqil bloqer” adlandıran, xaricdə oturub gecə-gündüz şər-böhtan ifrazıyla məğul olanların mövqeyini bir-bir müqayisə edirəm. İnanın ki, tam üst-üstə düşür. Çox qəribə sinxronluq var. Bir daha əmin olursan ki, bu, anti-milli ünsürlər eyni mərkəzdən idarə olunurlar. “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub, bu, beynəlxalq hüquq pozuntusudur” kimi ifadələr işlədib bağırırlar, dünyaya səs-küy salmağa başlayırlar. Baxın, ermənilər də eyni fikirləri səsləndirirlər. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq. Bu gün ictimai sifariş də var. Xalqımız da söyləyir ki, təhlükəsizlik zolağı yaradılmalıdır. Bufer zona yaradılmalıdır ki, Ermənistanın Azərbaycana qarşı bu təhdidlərinə birdəfəlik son qoyulsun. Amma bu gün sapı özümüzdən olan baltalar, radikal müxalifət hay-küy kampaniyasına qoşulub, ermənilərin yanında yer alıb və Azərbaycanı az qala Ermənistana “təcavüz”də ittiham etməyə başlayıblar. Guya Azərbaycan dövləti, informasiya kanalları son günlər tez-tez deyir ki, ermənilər intensiv şəkildə atəşkəsi pozur və konfliktologiya elmi sübut edir ki, hansı tərəf bu cür bəyanatlar verdisə, deməli, onlar özləri müharibəyə hazırlaşırlar, müharibəyə başlayacaqlar. Fikir verirsiniz? Bu mövqeləri ilə, hətta ermənidən də çox erməni olmaq istəyirlər. Belə çıxır ki, ərazimiz intensiv şəkildə atəşə tutulmalıdır, amma dırnaqarası konfliktoloqların məntiqlərinə söykənib susmalıyıq, dinməməliyik, şəhidlər verməliyik, yerimizdə oturmalıyıq, səsimizi çıxarmamalıyıq. Nə var, nə var bu konfliktoloqların fəlsəfəsinə, elmi tələblərinə görə, Ermənistanın atəşkəsi pozmasını dilə gətirsək, onda biz özümüzü müharibəni başlayan tərəf qismində təqdim edilə bilərik. Bundan qorxmaq, çəkinmək, susmaq lazım imiş ki, ermənilər öz işlərini görsünlər. Bu, erməni dəyirmanına su tökmək deməkdir. Məşhur ifadə var: “Roma Papasından çox katolik olmaq istəyi”. İndiki halda anti-milli ünsürlərin davranışında da ermənidən çox erməni olmaq istəklərini görürəm”.

Xəbərlər