Sosial 7 Sentyabr 2022, 17:18 | Baxış sayı: 172
"Allaha ürəkdən yalvarmırıq ki, yağış yağsın, çünki mütləq kimlərsə suyun altında qalacaq".

“Bakıya güclü yağış yağdı ki? Elə-belə, bir az yağdı, amma bir az yağış da, təəssüf ki, problem yaradır. Əslində, Allahdan arzumuz budur ki, yağış yağsın, toz-torpağı yatırsın, çirki yusun. Amma Allaha ürəkdən yalvarmırıq ki, yağış yağsın, çünki mütləq kimlərsə suyun altında qalacaq. Əvvəlki vəziyyətə baxanda, indi şükürlüdür, əslində. Əvvəllər bütün Bakı iflic olurdu, indi isə konkret yerlər, qəsəbələr və küçələr iflic vəziyyətinə düşür. Bunun səbəbi isə yağış və kanalizasiya sisteminin yarıtmaz vəziyyətdə olmasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat xatırladıb ki, 2016-cı ildə cənab Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalamışdı: “Bildiyimə görə, işçi qrup təkliflərini hazırlayıb təqdim etmişdi. Vəsait də ayrıldı və müəyyən işlər görüldü. Amma vəsait çatışmazlığı ucbatından iş sona çatdırılmadı. Bunu iki cür şərh edə bilərik. Ya vəsait doğru və şəffaf xərclənməyib deyə işlər sona çatdırılmayıb, ya da işlərin davamına əlavə vəsait ayrılmayıb. Bunun düzünü isə əlaqədar təşkilatlar bilir. Bizim isə bildiyimiz budur ki, ildən-ilə yolları və küçələri su basması üzündən tıxaca düşməli oluruq və insanlar da ayaqları suya, palçığa bata-bata yaşamalı olurlar. Digər bir müşahidəmi də deyim. Göyün üzünü bulud örtən və çiskinləyən kimi tıxac yaranır. Bizim sürücülər elə bil çiskin, yağış görməyib. Həmin an şəhərdə xaos yaranır. Elə bil paytaxtda sunami var. Başa düşə bilmirəm…”

Xəbərlər