"Allah xatirinə söyləyin, bir elmlər doktorunun, uzun illər səfir işləmiş birinin verəcəyi cavab budurmu?"
İsfəndiyar Vahabzadə Solovyovun Youtube-da canlı efiri zamanı Jirinovskini “donuz” adlandırıb.
Deputat Fazil Mustafa bu məsələyə öz münasibətini bildirib:
"Qəribə heç nə yox. Jirinovski özünəməxsus formada tərbiyəsizlik edib, Vahabzadə də özünəməxsuz formada tərbiyəsiz cavab verib. Küçə savaşının bütün qaydalarına əməl olunub. Ardınca qurşaqdanaşağı zərbələr gələcək: 50 illik deport, məhkəmə və bir neçə dəfə təkrarlanacaq Solovyov şousu. Bir həftədən sonra unudulub gedəcək. Türkiyənin Rusiya təyyarəsini vurduğundan daha dəhşətli bir şey baş verməyib ki!?
Hər dəfə şimaldan gələn Jirinovski və onun kimilərin təhqir və təhdidlərinə Azərbaycandan sərt, uyğun, məntiqli cavablar verilir. Siyasətçilərimiz də, jurnalistlərimiz də, blogerlərimiz də insaf naminə desək tutarlı yazılar yazıb, bəyanatlar səsləndiriblər. Son məlum çıxışla bağlı rəsmi Bakının notası da yerində bir addım idi. O halda bəs nədən bir keçmiş səfirin videoçıxışı bu qədər ziddiyyətli və qıcıqlandırıcı durum yaratdı. Bu da həmin cavablardan sadəcə biri deyildimi? Çeçen lider Ramazan Kadırov da Jirinovskiyə it kimi hürür demişdi. Ancaq o elmlər doktoru, professor olmadığına görə diplomatik dillə bu təhqiri heç bir halda rus xalqına yönəltməmişdi. Vahabzadə məhz Azərbaycan elmi auditoriyasının təmsilçisi kimi söyüş hədəfini bütöv bir xalqa qarşı yönəltməklə ilk öncə bizdə elmi adların necə verildiyi barədə təsəvvürləri bir daha dəqiqləşdirmiş oldu. Bizdə dini cəhalət dünyanın ən geridə qalmış xalqlarındakı durumdan elə də fərqlənmir. İndi isə məmləkətdə siyasi cəhalətin nə dərəcədə yayğınlaşdığı kimi bir həyəcanverici durum üzə çıxmış oldu. Hətta Rusiyadan gələn təhdidlər üzərindən “milli qəhrəmanımız Vahabzadəni qorumalıyıq” çağırışlarını dinlədikcə, oxuduqca bir anlığa bir ananın öz narkoman və ya cinayətkar oğlunu gözbəbəyi kimi qoruması mənzərəsini göz önünə gətirdim. Ananın övlad qarşısında sevgisi və məsuliyyəti anlaşılandır. Bəs cəmiyyət qarşısında? Bəs başqasının övladına bu narkotik alışqanlığını yoluxdurmanın yaxud da başqasının həyatına qəsd etmənin məsuliyyəti həmin anaya aid deyil? İstiqlal şairi Mehmet Akifin ədəbiyyatla bağlı maraqlı bir təsbiti var. Deyir ki, “ədəbiyyat” ərəbcə “ədəb” sözündən götürülmüşdür, hər bir mövzuda düşündüyünü yazmaq olar, ancaq ədəb qaydalarını unutmadan.
Ey ziyalı ədası ilə bu cür ədəbsiz çıxışı dəstəkləyən soydaşlarım, Allah xatirinə söyləyin, bir elmlər doktorunun, uzun illər səfir işləmiş birinin verəcəyi cavab budurmu? Jirinovskiyə bu cavabı istənilən söyüş söyən savadsız bloger rahatlıqla verə bilərdi, bir filoloq “alimin” verdiyi bu cavab doğrudanmı zövqünüzə tam uyğun gəlmiş? Dəlilik, təxribat, vətənpərvərlik təyinatlarının hansına uyğun gəldiyi üzərində durmuram, Rusiyadan bu məsələyə münasibətin necə olmasını da heç diqqətə almıram, ancaq bu üslubda cavab verən şəxs heç olmazsa öz elmi kimliyini qürurla xatırlatmamalıdır. Dinçi, siyasətçi, millətçi, məişətçi cahillərlə çox qarşılaşmışam, bir çox hallarda yanlış da olsa düşündüklərində israr edən bu insanların inadkar davranışlarına anlayışla yanaşmışam. Ancaq Rusiya ictimai rəyində Azərbaycana, xüsusi olaraq da Rusiyada yaşayan azərbaycanlılara zərbə vuracaq bu cür səviyyəsiz bir çıxışdan sonra onun müəllifininin ətrafında müdafiə qalası qurmağa çalışanlara haqq qazandırmaq necə mümkün ola bilər?
Bu günlərdə eşitdiyim real bir hadisəni burada xatırlamalı oldum. Kəndlərimizin birində, həm də 21-ci əsrdə inəyi evə gəlib çıxmayan bir soydaşımız inəyi axtarışa başlamazdan öncə dərhal kəndin mollasının yanına gedir və beş manat verərək deyir: inəyi tapana qədər tez qurdun ağzını bağla. Bir saat sonra gedib çöldən inəyi tapıb evə gətirir. Bu söhbət mollanın da yadından çıxır. Bir aydan sonra həmin şəxs məclislərin birində dua yazan kənd mollası ilə rastlaşanda, xatırladır ki, qurdun ağzını bağlamaq barədə xahişindən sonra inəyi dərhal tapıb. Molla əsəbləşir ki, oğlum, mənə niyə xəbər etməmisən, qurd da olsa, o da heyvandır, bir aydır ağzı bağlı gəzir. Dərhal demək lazım ki, qurdun ağzının qıfılını açım.
Nə deyim, bu cür qurd ağzı bağlamağın bizim inəyə xeyri olacaqsa, elliklə yığışıb belə duaları yazdıraq. Olmayacaq!
Qarabağ kimi böyük problemin həllində Rusiya, İran və Qərb dövlətləri ilə haradasa təkbaşına qarşı-qarşıya gələn bir Azərbaycanı düşünün. Müqavimətimiz də olacaq, savaşımız da, diplomatiyamız da. Cəmiyyətimizdə anti-Rusiya mövqeyini də, anti-Qərb və ya anti-İran mövqeyini də bölgədə yaşadığımız sıxıntıların təbii təzahürü kimi normal sayıram. Jirinovskinin də söyülməsinə haqlı bir cavab reaksiyası kimi yanaşmaq olar. Hətta Jirinovskinin tərbiyəsizlik etdiyi vaxtda ruslarla bağlı belə bir ifadə işlədilmiş olsaydı, yenə də üzərindən sükutla keçmək olardı. Ancaq üstündən on-on beş il keçəndən sonra bu ritorika ilə ölkəmizə qarşı Rusiya mühitində gərəksiz hücumlara rəvac vermək anlaşılan davranış deyil. Bəlkə siyasi naşılığa, bəlkə də qəsdən təxribata rəvac verən bir populistin və sonra da saxta vətənpərvərlik ədası ilə bu zərərli tendensiyanı dəstəkləyənlərin yalnız izləri deyil, həm də düşüncə olaraq özləri bu məmləkətdə çoxluqda olacaqlarsa, az-çox qazandıqlarımızı da yaxın gələcəkdə yelə verəcəyik. Bizim kimi risklərlə dolu bir ilğımda mövcudluq savaşı verən və Türkiyədən başqa bir yerdən ciddi dəstəyi olmayan bir xalqın, bir dövlətin bir yarıtmaz əsgərinin belə əlindən təsadüfən silah açılması böyük bir fəlakətə yol aça bilər. Məcaraçılıq, saxta vətənşüvənlik vaxtı deyil, savaşda, danışıqlarda, informasiya məkanında, elmi diskussiyalarda düşmənə sərrast cavabları da dərhal verməkdən çəkinməyək, ancaq hər bir cavabda düşməni susdurmazdan öncə Azərbaycana və azərbaycanlılara dəyəcək əks zərbələri də az da olsa düşünək. Yeri gəlmişkən, bu məsələyə münasibət bildirərkən xalq şairi Bəxtiyar Vahabzadə adına qarşı hər hansı hörmətsizlik də yolverilməzdir. Onun milli şüurumuz oyanışında xidmətlərini dəyərsizləşdirmək üzücü və yanlışdır. Ümumiyyətlə dünyasını dəyişmiş insanların hansısa fikrinə qarşı söz söylədikdə, şəxsiyyət toxunulmazlığı prinsipinə əməl etmək özü də ərdəmdəndir"
Millət vəkili Rasim Musabəyov isə İ. Vahabzadəni "bambılı" adlandırıb.
"Mənim təsəvvürümdə İsfəndiyar Vahabzadə tamamilə diplomatiya davranışını bilməyən boş bir insandır. O, sadəcə, bambılıdır, baxmayaraq ki, yüksək vəzifələr tutub və bir çox ölkədə səfir olubdur".
Qüdrət Həsənquliyev isə fikirlərini belə ifadə edib:
“İsfəndiyar Vahabzadə yenidən təyinat almayanda Bəxtiyar Vahabzadənin oğlu olduğu üçün ona iş verilməsinin zəruriliyi barədə açıqlama vermişdim. İndi o deyir ki, azərbaycanlıları təhqir etdiyi üçün atam təyyarəyə minib Moskvaya uçar, Jirinovskini döyərdi. Adamdan soruşarlar ki, atan kimi davranmağa sənə kim mane oldu? Əminliklə deyirəm ki, bu sözlərinə görə Bəxtiyar Vahabzadə onu ciddi şəkildə qınayıb tənbeh edərdi. Onun o fikirləri ilə də razı deyiləm ki, guya deputatlar Jirinovskiyə tutarlı cavab verməyib. Yalnız mənim cavabımı oxusaydı, o cür danışmazdı. Mən istəmirəm ki, o da Azərbaycanın Jirinovskisi olsun. Rusiyadan fərli olaraq, o, Azərbaycanda heç vaxt vitse-spiker olmayacaq. O öz qeyri-etik davranışını qəhrəmanlıq kimi qəbul edir. Bir tərbiyəsizə görə böyük bir xalqı təhqir etmək qəhrəmanlıq deyil. Hətta o xalqı təmsil edən dövlətin xalqımıza nə qədər pislik etdiyini düşünmüş olsan belə. Mən onu özündə güc tapıb rus xalqından üzr istəməyə çağırıram. Bu onu alçaltmaz. Həm özünü yüksəldər, həm də milli maraqlarımıza uyğun bir addım olar. O, Bəxtiyar Vahabzadənin oğlu olmasaydı, bəlkə də mən belə bir təkliflə çıxış etməzdim”
.
Aqil Abbas İ. Vahabzadənin Jirinovskiyə bu sözləri deməkdə haqlı olduğunu düşünür.
“Jirnovskinin özü məhkəməlikdir. Onun başının parası yoxdur. İsfəndiyar Vahabzadə nə deyibsə haqlıdır. Jirinovski bizim millətimizi təhqir edib, Vahabzadə də cavabını verib. Bizdə belə bir məsəl var: “Söymə nökər dədəmi, söyməyim bəy dədəni””.