Cəmiyyət 1 Mart 2023, 14:18 | Baxış sayı: 112
“Allah etməsin, bizdə zəlzələ olsa...”

“Mərtəbəsindən asılı olmayaraq, tikilən binalar yüksək səviyyəli standartlara və 9-10 ballıq zəlzələyə dözümlü olmalıdır. Bu ya 5, yaxud 9 mərtəbəli binalar olsun, fərq etmir, əsas odur ki, yüksək səviyyəyə söykənən binaların tikilməsi bu gün kifayət qədər aktualdır”.

Bu sözləri Yensiabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

O, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünən Milli Məclisin yaz sessiyasının açılışında Bakıda tikiləcək binaların maksimal 9 mərtəbəli olması barədə səslənən fikirlərə münasibət bildirib.

F. Ağamalıya görə, Azərbaycanda binaların tikilməsi FHN yaranana qədər standartlara uyğun deyildi:

“Çünki müvafiq qurumlar yox idi ki, onu ciddi şəkildə layihələşdirsin, zəlzələyə dözümlülüyünü təmin etsin və ona nəzarət etsin. Amma FHN yaranandan və onun qurumları formalaşandan sonra bu işə ciddi əməl edilməyə başlanıldı”.

AVP sədrinin fikrincə, bu gün FHN mütəxəssislərinin verdiyi məlumatlar onu deməyə əsas verir ki, həmin şərtlər nəzərə alınıb:

“Allah etməsin, bizdə zəlzələ olsa da, Türkiyədəki kimi faciələr baş verməz. Neçə mərtəbənin tikilməsindən asılı olmayaraq, əsas onun keyfiyyətidir. FHN-in Tikintiyə Nəzarət Agentliyi bu baxımdan çox ciddidir. Bu gün Şəhərsalma və Arxitektura Komitəsi də yaranıb. Onlar da eyni şəkildə tikinti məsələlərinə ciddi yanaşır və qanunlara əməl edir. Bundan sonra Azərbaycanda mərtəbəsindən asılı olmayaraq tikilən hər bir binada da bu qaydaların tətbiq oluncağını istisna etmirəm”.

Xəbərlər