Plenar iclaslar 24 Oktyabr 2023, 14:32 | Baxış sayı: 218
"Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?"

Qanun qəbul ediləndən sonra ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, onların qanun qəbul ediləndən sonrakı taleyinə aydınlıq gətirilməlidir: “Hazırda fəaliyyət göstərən qiymətləndiricilərin neçə faizinin ali təhsilli olub-olmaması barədə araşdırma varmı? Varsa, bunu bizimlə aidiyyəti qurum bölüşsə, yaxşı olar. Çünki biz bilməliyik ki, bu qanun qəbul ediləndən sonra nə qədər vətəndaşımız işsiz qalacaq, yaxud onları prosesə necə cəlb edəcəklər”.

Deputat Fazil Mustafa qeyd edib ki, bu qanunun qəbulu məhkəmələrin işinin asanlaşdırılmasına şərait yaradacaq: "Burada müəyyən maraqlar toqquşması da rol oynayır. Qiymətləndirmədə rəqəm fərqləri ciddi mübahisələrə yol verə bilir. Maraqlar toqquşması olduğuna görə qiymətləndirmənin prinsipləri ayrı maddədə nəzərdə tutulmalıdır. 5-ci maddədə qeyd edilən ali təhsilə və 3 ildən az olmayan ümumi staj malik olan tələbi dəyişməliyik. Ali təhsil tələbini biz aradan götürməliyik. İnsanların savadı heç də diplomla ölçülməməlidir. Peşə diplomu da burada rol oynamalıdır. Zərgərlər peşə təhsili müəssisəsini bitirə və bu sahəni çox yaxşı bilə bilər. Qiymətləndirici işləmək qabiliyyətlə bağlı məsələdir. Peşə təhsili diplomunun da bura daxil edilməsi lazımdır. 3 il staj tələbi isə çox azdır. Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır. Test imtahanı ilə bağlı məsələ 6-cı maddədə göstərilib. Elə insanlar var beynəlxalq sertifikatı var, onların bu testdən keçməsinə nə ehtiyac var?”.

Spiker Sahibə Qafarova isə ali təhsilin şübhə altına alınmasına etiraz edib: “Biz niyə ali təhsili şübhə altına alaq? Bu qanun gələcəyə hesablanmış qanundur. Saxta diplom və s. məsələlər aradan qaldırılır. Biz ali təhsili şübhə altına almamalıyıq”

APA

Xəbərlər