"Ağdamdakı Türkiyə-Rusiya monitorinq mərkəzi Ermənistanla sərhədə yerləşdirilməlidir"
“Dövlətimiz haqlı olaraq, Qərbin silahsız taborunun qanuniliyini tanımır və onlarla əməkdaşlığa getməyəcəyini bəyan edir. Sual olunur-o missiya üzvlərini BMT-mi seçib, yaxud Avropa Birliyi nə vaxtdan təhlükəsizlik və hərbi təşkilat olub?”
APA xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən ilk iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Zahid Orucun sözlərinə görə, bölgəyə gətirilənlərin NATO-nun məxfi emissarları olmaduğu, qərarı isə Avroatlantik Alyansın hərbi-siyasi generallarının verdiyi şübhəsizdir: “Ermənistanı Rusiya, İran, Türkiyə və Azərbaycanın əlindən almaq, bölgəyə beynəlmiləl muzdluları yerləşdirmək sabitliyə xidmət etməyəcək. 2020-ci ilin Vətən müharibəsi qəfil başlandığından Qərb dövlətləri müdaxilə imkanları olmadığı üçün regiondan çıxarıldıqlarını düşünürlər. Ona görə də Minsk qrupunun ləğv edildiyini görən ABŞ, Fransa danışıqlara və Qafqazlara qayıtmaq üçün bütün cəbhə boyu diplomatik-siyasi hücuma keçiblər. Məqsəd Azərbaycan təhlükəsi adı altında öz ordularını və silahlarını İrəvanda yerləşdirməkdir”.
Zahid Oruc bildirib ki, bu qərar regional təhlükəsizliyə və Ermənistanla sülh danışıqlarına zərbə vuracaq: “Digər tərəfdən, Rusiya Avropa Birliyinin addımını ona qarşı açılan ikinci cəbhə sayır və Ermənistanın avantürasını pisləyir. Tarixdə ilk dəfə, Vətən müharibəsinin nəticəsində İrəvan və Moskva qarşı duran tərəflərə ayrılıb. Beləliklə, Rusiyanın Gümrüdəki bazası, o cümlədən Xankəndində missiyası ilə Avropa Birliyinin patrul dəstələrinin gələcəkdə toqquşması qaçılmazdır, o zaman NATO qüvvələrini konfliktə cəlb etməyə fürsət yaranacaq. Göründüyü kimi, Ermənistan ərazisi hərbi toqquşmalar meydanına çevrilir və İrəvanı Hələbin, Mosulun taleyi gözləyir.
Eynilə, Türkiyə də Qərbin hərbi qüvvələrinin mülki libasda sərhədlərdə yerləşməsini istəmir və Azərbaycanla birliyinə zərbə kimi qiymətləndirir. Tarixdən məlumdur ki, Şarl de Qolldan sonra Fransa əsgərlərinin ayağı hara dəyibsə, orada kütləvi qırğınlar və dağıntılar törənib. İndi sərhəddə yerləşdirilən qüvvələri müxtəlif yollarla - Xankəndidə ermənilərin təhlükəsizliyi və hüquqlarının qorunmasına cəlb etməyə çalışacaqlar. Nəticədə, Qarabağa çoxmillətli missiya gətirmək Ukrayna müharibəsini Qafqazlara keçirmək deməkdir.
NATO-nun Əfqanıstanda və İraqda cinayətlər törətdiyi üçün qovulan, Fransanın Afrikadan nifrətlə çıxarılan qüvvələrini sərhəd monitorinqə cəlb edirlər. Ermənistana tərəf atılan hər gülləni aktlaşdırıb saxta beynəlxalq mövqe formalaşdıraraq, ölkəmiz əleyhinə BMT qətnamələrini qəbul edəcəklər.
Halbuki torpaqlarımız işğal altında olanda 30 il ərzində Monitorinq Missiyası iki dəfə işğal bölgəsinə gəldi, lakin heç birində yeddi rayonun və 100 minlərlə evin yer üzündən silinməsini görmədi. İndi sərhəd boyu düzüləcək hərbi missionerlər orduzumun qarşısına canlı sipər çəkəcəklərini düşünürlər.