Siyasət 13 Sentyabr 2023, 14:56 | Baxış sayı: 119
”Ağdam-Xankəndi yolundan istifadə ölkəmizin növbəti qələbəsidir”

“Tarixən belədir ki, xalqın özü yox, başqaları tərəfindən yaradılıb ortaya atılan dövlətlər heç zaman müstəqil yaşaya bilmir, kimlərinsə əlində alətə çevrilir, təcavüzkar xislətə malik olurlar. Təbii ki, belə qurama dövlətlərin fəaliyyətindən ən çox ziyan çəkənlər də onun qonşuları olur. Mövcud olduğu vaxtdan Ermənistanın davranışlarına baxdıqda bunu aydın görmək olur. Tarixi Azərbaycan torpaqlarında quraşdırılan bu dövlət Cənubi Qafqazda hər zaman təhlükə mənbəyi olub, qonşularına problemlər yaşadıb, soyqırımılar törədib. Otuzillik işğala son qoyulduqdan keçən 3 il müddətdə Ermənistanın hələ də sülhə gəlməməsinin kökündə də mahiyyət etibarı ilə məhz bu amillər dayanır. Azərbaycanın münasibətlərin normalaşması istiqamətində atdığı addımlara baxmayaraq, məğlub ölkə bundan boyun qaçırır, əldə olunmuş razılaşmalardan geri çəkilir, siyasi və hərbi təxribatlar törədərək öhdəlikləri yerinə yetirmir, yenə də işğal xəyalları ilə yaşayır. Son günlər şərti sərhəddə Ermənistanın məğlub və fərari ordusunun törətdiyi hərbi təxribatlar da bilavasitə bunların davamıdır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Ermənistan Laçın yolundan qanunsuz hərbi və digər çirkin məqsədlər üçün istifadə etdiyinə görə, bu ilin aprel ayında Azərbaycan yolda normal və nümunəvi şəkildə fəaliyyət göstərən sərhəd-buraxılış məntəqəsini qurdu: “Bunu həzm edə bilməyən Ermənistan bütün qarayaxmalardan istifadə etdi, real vəziyyəti gizlədərək Azərbaycan əleyhinə yalan və böhtan xarakterli təbliğat apardı, hətta hərbi təxribata belə getdi. Həmçinin sərhədə "humanitar konvoy" göndərərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdı. Bölgədə "blokada" və "humanitar böhran"ın olması ilə bağlı əsasız ittihamlar səsləndirdi, şoular düzəltdi. Bizim təklif etdiyimiz Ağdam-Xankəndi yolundan isə birmənalı şəkildə imtina edirdi. Elə düşünürdü ki, guya Azərbaycanı geri çəkilməyə məcbur edə biləcək. Amma unutdu ki, döyüş meydanında böyük hərbi qələbə qazanan Azərbaycanı, ümumiyyətlə, siyasi müstəvidə məğlub etmək mümkün deyil. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyimiz Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrilib. Azərbaycan sübut etdi ki, bura Azərbaycan ərazisidir və yolun haradan keçəcəyi barədə qərarı da o verir. Ermənistanın mənasız və əsassız çabaları isə Azərbaycanın daxili işlərinə qarışmaqdır ki, digər iddiaları kimi, mütləq iflasa uğrayacaq. O ki qaldı havadarlarının dəstəyinə bu məsələdə də Azərbaycan sübut edib ki, onunla heç kim təzyiq dili ilə danışa bilməz”, - AHİK sədri bildirib.

Səttar Möhbalıyev əlavə edib ki, Ermənistanın xüsusən son zamanlar bölgəyə yad olan qüvvələr gətirməsi, sərhəddə hərbi təxribatlara əl atması, qoşun cəmləməsi, Xankəndindəki “prezident seçkiləri” oyunları onun özü üçün yaxşı heç nə vəd etmir və baş verəcək hadisələrə görə məsuliyyət adaşıyır.

demokrat.az

Xəbərlər