Siyasət 26 İyul 2023, 15:35 | Baxış sayı: 163
"Ağdam dəmiryolu ermənilərə yüklərin daşınması üçün ən əlverişli yoldur"

Azərbaycan Brüssel görüşündə Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklif irəli sürdü. Bu, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel tərəfindən də dəstəkləndi. Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik  baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir.

Lakin ermənilər bu yoldan istifadə etməkdən imtina edirlər. Bu, siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir. Ermənilərin bu təklif qarşısında söyləyəcək heç bir normal arqumenti olmadığı halda nə üçün bunu rədd edirlər? 


Milli Məclisin deputatı Tahir Rzayev açıqlamasında bildirib ki, ermənilər bütün görüşlərdə şantaj yolunu tuturlar:

"Bununla sülh müqaviləsinin bağlanmasını gecikdirmək istəyirlər. Onlar hələ də revanş fikrində, silahlanmaq, sülhü pozma fikrində olduqlarına görə problemləri artırırlar".

Dövlətlərin özlərinin suveren hüquqlarının, beynəlxlaq normalara əsaslanan prinsiplərin olduğunu qeyd edən deputat deyib ki, bu prinsiplər dünyada qəbul olunur, Ermənistan da bunu qəbul etməlidir: 

"Azərbaycan dövlətinin sərhədləri toxunulmazdır. Sərhəd buraxılış məntəqəsi mütləq yaradılmalıdır. Bütün ölkələrdə də bu var, vacibdir. Qarabağda yaşayan erməni əsill Azərbaycan vətəndaşları da bundan istifadə etməlidirlər. İstər humanitar yüklər olsun, istər insanların gediş-gəlişi olsun - Azərbaycanın qanunları çərçivəsində həyata keçirilməlidir".

T.Rzayevin sözlərinə görə, bir qrup ermənionlara analoqu olmayan bir status verilməsini istəyir. Bu, mümkünsüzdür:  

"Ağdam dəmiryolu ermənilərə yüklərin daşınması üçün ən əlverişli yoldur.

Digər tərəfdən, bura Azərbaycan ərazisidir. Gediş-gəlişə nəzarət də mümkündür. Biz gördük ki, ermənilər dəfələrlə Laçın yolundan gizli məqsədləri üçün istifadə etdilər, hərbi sursat daşıdılar, diversiya qrupları gəldi, əraziləri minaladılar. 

Nəzarət buraxılış məntəqəsinin açılmasından sonra müəyyən qədər bunun qarşısı alınsa da yenə də sülhməramlıların əli ilə ermənilər öz əməllərinə davam edirlər".

Deputat vurğulayıb ki, Azərbaycanın istəyi sərhədlərinin möhkəm olmasıdır: 

"Daşınmalara nəzarət güclü olmalıdır. Ermənilərin buna etiraz etməyə haqları yoxdur.

Nəyə görə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəlib Ermənistan ərazisindən keçməlidir?! 

Xarici nümayəndələr Xankəndiyə səfərləri zamanı niyə gəlib Azərbaycan ərazisindən deyil, Ermənistandan keçməlidir?!

Avropa İttifaqı Şurası Prezidenti Ağdam yolundan istifadəni dəstəkləyir, çünki beynəlxalq normaları dəstəkləyir, reallıqları düzgün qiymətləndirir. Humanitar yüklərin məhz bu yoldan daşınması qanunidir".

demokrat.az

Xəbərlər