Cəmiyyət, Siyasət 12 İyul 2021, 14:08 | Baxış sayı: 322
"ABŞ, Rusiya və Fransanın səfirlərinin bu səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir".

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri onların təmsil etdiyi dövlətlərin hərbi-siyasi yolla yaratdığımız reallığı tam şəkildə qəbul etdiklərinin bariz göstəricisidir. 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, 50-yə yaxın dövlət və beynəlxalq təşkilatın 100-dən çox nümayəndəsinin Zəfərimizin rəsmiləşdiyi Şuşa şəhərinə səfəri elə ilk vaxtdan ciddi siyasi nəticələrə yol açmağa başladı:

“Birincisi, səfərdə iştirak edən rəsmi nümayəndələr mövcud vəziyyətlə yerindəcə tanış olmaqla işğal, vandalizm faktlarını şəxsən qiymətləndirmək imkanı əldə etdilər. Heç şübhəsiz, hər bir səfir, yaxud müvəqqəti işlər vəkili kameralar qarşısında olanları tam dolğunluğu ilə dilinə gətirə bilməsə də, öz ölkəsinə yazılı məruzəsində həqiqətləri bütün çılpaqlığı ilə əhatə edəcək. Şübhəsiz ki, təkzibedilməz vandalizm, dağıntılar, vəhşiliklər, işğalın çoxsaylı nəticələri və Azərbaycanın bu fonda yaratdığı reallıq Cənubi Qafqazda əməkdaşlıq istiqamətində gələcək addımlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq”.

B.Məhərrəmov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə səfər edən səfirlərin nümayəndəsi olduğu ölkələrinin çoxunda kifayət qədər təsirli imkanlara malik erməni diaspor təşkilatları mövcuddur:

“Artıq öz nümayəndəsi vasitəsilə vəziyyəti birbaşa müşahidə və təhlil etmək imkanı qazanmış bir dövlət üçün səfirinin rəsmi məruzəsi erməni lobbisinin saxta ah-zarı və təbliğatından daha üstündür. Əlbəttə, həqiqət hər kəsə bəllidir, lakin bu səfər hətta fərqli mövqe tutan dövlətləri də mühüm fakt qarşısında qoyacaq. Diplomatlar 30 il ərzində ermənilərin işğal altında saxladıqları ərazilərdə yalnız vandallıq aktları törətdiklərini, heç bir quruculuq işləri aparmadıqlarını əyani olaraq görməklə, kimin işğalçı, talançı, kimin isə ev sahibi olması barədə yekun qənaət formalaşdıracaqlar ki, bu da Azərbaycanın informasiya müharibəsində çox zəruri bir mərhələnin başlanması deməkdir.

Bu səfərlər, xüsusilə Şuşa səfəri iştirakçıların təmsilçisi olduğu dövlət və ya beynəlxalq təşkilatda Azərbaycanın imkanları və qüdrəti barədə aydın mənzərə yaradacaq. Cəmi yeddi ay ərzində böyük həcmdə quruculuq və bərpa işlərinin aparılmasına canlı şahidlik edən diplomatlar bu səfərlərlə Azərbaycanın müharibədən qüvvəsi tükənmiş və özünə gəlməyə çalışan dövlət deyil, əksinə, böyük imkan və potensiala malik güc mərkəzinə çevrildiyinə əmin oldular. Təkcə bu fakt səfərdə iştirak edən tərəflərin daim maraqlarının kəsişdiyi Cənubi Qafqazda hesablaşılmalı olan əsas qüvvənin kim olması barədə yekdil qənaət yaradacaq. Sirr deyil ki, müasir dövrdə siyasi münasibətlərin kökündə güc amili dayanır və hər kəs güclü ilə hesablaşır.

Diplomatların tarixi Şuşa səfərində əsas diqqətçəkən məqamlardan biri də, heç şübhəsiz, artıq keçmişdə qalmış münaqişənin bir zamanlar tənzimlənməsinə məsul, lakin turistik səfərlərdən başqa bir fəaliyyətlə yadda qalmayan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçilərinin səfərdə iştirak etməməsi oldu. Təbii ki, Azərbaycan artıq bölgədə istədiyinə nail olub və bundan sonrakı addımların da maraq və mənafelərimizə uyğunlaşdırılması üçün bütün zəruri güc və imkanlara malikdir. Bu mənada, ABŞ, Rusiya və Fransanın səfirlərinin bu səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir. Azərbaycan onsuz da münaqişəyə hərbi-siyasi yolla son qoyub, ərazilərini işğaldan azad etməklə BMT qətnamələrinin icrasına və beləliklə, beynəlxalq hüququn aliliyinin təminatına nail olub. Münaqişənin həllini üzərinə götürmüş və uzun illər bu istiqamətdə irəliləyiş əldə edə bilməyən həmsədrlər, əslində, sağlam təfəkkürə əsasən, müharibənin başa çatmasına, yəni, onların fəaliyyət məqsədlərinə nail olunmasına dəstək verməli idilər. Ən sadə halda isə həmsədr ölkələr özlərinə nüfuz gətirəcək sağlam münasibət formalaşdıra bilərdilər”.

Deputat qeyd edib ki, münaqişənin başa çatması, işğalın nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətin genişlənməsi şəraitində mövcud davranışları həmsədrlərin münaqişənin başa çatmasından o qədər də razı qalmadıqları effekti yaradır:

“Rəsmi Bakı hələ də xoş niyyət nümayiş etdirərək özünü faydasız təsisat kimi təsdiqləmiş ATƏT-in Minsk qrupundan təktərəfli formada imtina etmir. Hətta Prezident İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək reallığa uyğun faydalı istiqamətlərin müəyyənləşdirilməsi şərti ilə təsisatla əməkdaşlığa hazır olduğunu bəyan edir. Lakin nədənsə həmsədrlər bütün davranışları ilə sanki illərlə rəsmi İrəvanın maraqlarını qoruduqlarını, Vətən müharibəsində Ermənistanla bərabər məğlub olmaları mənzərəsi yaradırlar”.

B.Məhərrəmov vurğulayıb ki, ATƏT həmsədrlərinin bu mövqeyi yanlışdır və başa çatmış münaqişəyə köklənib qalmaqla həmsədrlər nəinki reallığa təsir etmir, əksinə, Azərbaycanda onsuz da aşağı olan nüfuzlarını və onlara olan inamı tam heçə endirməklə ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun tarixin yaddaşına həkk olunmasını tezləşdirməkdədirlər (AZƏRTAC).

Xəbərlər