“500 manatla alim necə yaşasın?!”
AMEA-nın Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev doktoranturaya istedadlı insanların cəlb edilməsilə bağlı ciddi problemlərin olduğunu nəzərə çatdırıb.
Nazirin fikrincə, elmə ayrılan büdcənin artırılması elmi istehsalın da artacağını deməyə əsas vermir:
“Yaxşı bir alimə vəzifə, hansısa siyasi status verəndə onun elmlə məşğul olmağa vaxtı olmur. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Maliyyələşmə istiqamətində islahatlar aparılmalıdır. İslahat dedikdə büdcəni iki dəfə artırmaq başa düşülməməlidir" – nazir əlavə edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov doktoranturaya marağın azalmasının müxtəlif səbəblərdən qaynaqlandığını deyib.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanda elmi ad qazanmaq çətindir, alimlik dərəcəsi almaq istəyən insanların qarşısında bariyerlər var:
“Fəlsəfə doktoru adını almaq üçün gənclər illərini verməli olur, bürokratik əngəllər var. İngilis dilini tələb kimi qoyublar, gənclərin əksəriyyəti ingilis dilini yaxşı bilmir. Buna görə də magistraturaya, doktoranturaya qəbulda kəsilirlər. Bəli, ingilis dili önəmlidir, amma Azərbaycan reallığında bu hələ nəticə vermir. Bundan əlavə o qədər sənədlər tələblər olunur, o qədər problemlər yaradılır ki, heç kim buna enerjisini, vaxtını sərf etmək istəmir. Məsələni bu dərəcə qəlizləşdirməyə ehtiyac yoxdur. Dünyanın əksər ölkələrində universitetlərin öz ixtiyarındadır elmi dərəcə vermək. Ali Attestasiya Komissiyası, institutlar prosesi çətinləşdirməməlidir. Dünyanın heç bir yerində doktorantura iki mərhələdən ibarət deyil, alim iki dəfə müdafiə etmir. Bu problemlər aradan qaldırılmalıdır, ki gənclər elm yolundan inamla addımlasınlar, həvəslənsinlər”.
C.Məmmədov universitet müəllimlərinin, alimlərin maaşının aşağı olması probleminə də diqqət çəkib:
“Akademiyada işləyən elmi işçinin maaşı 500 manatdır, elmi dərəcəyə görə cəmi 60 manat verilir. Bu məsələni qaldırmaq lazımdır. 500 manatla alim necə yaşasın?! Bir dənə kitabı çap olunmur, xaricə səfəri maliyyələşdirilmir. Kim, nə üçün elm yolunu seçsin?! Bu gün universitetlər elmi şuralar yarada bilmir, çünki mütəxəssislər tapılmır. Universitetdə tam stat işləyən müəllim 600 manat əməkhaqqı alır”.
Deputat onu da bildirib ki, alimlərin əməyi qiymətləndirilməli, elmi fəaliyyətinə dəyər verilməlidir:
“Onlarda böyük ruh düşkünlüyü var. Ölkə rəhbərliyi elmə, təhsilə diqqət və qayğı göstərir. Yeni məktəblər, universitetlər tikilir, cənab Prezident Xankəndində Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzaladı. Lakin bir müddət sonra universitetlərdə dərs deyəcək alim tapmayacayıq. Bu gün universitetlər məcburən magistrantları tədrisə cəlb ediblər, elmi dərəcəsi olan müəllim tapılmadığına görə artıq tələbələr aşağı kurslara dərs deyir. Belə olan halda hansı keyfiyyətdən söhbət gedə bilər?!”.
demokrat.az