İqtisadiyyat 6 Dekabr 2022, 12:46 | Baxış sayı: 146
“2023-cü il üçün neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”

“Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən Brent markalı neftin qiyməti 83 dollaradək azalıb. Bu son 4 gündə neftin qiymətində 8.0 faizdən çox azalmanın olması anlamına gəlir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat xatırladıb ki, Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib: “Saudi Aramco yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, the Saudi isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir. Çin karantin qaydalarını yumşaltsa da “Sıfır Kovid” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”.

 

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir: “Valyuta daxilolmalarının 80.0 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.

Xəbərlər