"20 sentyabr 44 günlük İkinci Qarabağ müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər"
"20 sentyabr 44 günlük İkinci Qarabağ müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zaman deyib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri xalqımıza hərbi zəfər, 4 min kvadrat kilometr ərazidə konstitusion bütövlük qazandırdı: "Nəinki Xankəndi və Xocalıda 10 minlik hərbi birləşmələrin, 100 il bundan əvvəl Azərbaycanın inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayət, 90-cı ildən yaradılan hibrid birləşmənin varlığına son qoyuldu, 1804-cü ildən bu yana Qarabağın kimə məxsusluğu ətrafında gedən savaşın da qalibini müəyyən etdi. Ona görə də 1 günlük döyüşlər - 20 sentyabr tarixi Vətən müharibəsinin davamıdır, onu tamamlayaraq 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər. “Əsrin neft müqaviləsi”, “Əsrin qələbəsi”nə çevrildi və daşıdığı ümumxalq əhəmiyyətinə görə milli bayramdır. Təklif edirik ki, on illərlə soyqırımı, kütləvi insan və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı “Bütövlük günü” kimi qeyd edək və onu rəsmiləşdirək, əbədiləşdirək. Ümidvarıq ki, parlamentin ölkə rəhbərinə müraciəti yüksək qiymətləndirilər, çünki hər bir azərbaycanlının, bütövlükdə xalqımızın iradəsini əks etdirir. Biz indi millətimizin tarixində yeni qalibiyyət təqvimini yaratmağa borcluyuq".
"Doğrudur, qələbəmizə hücum edənlər onu region dövlətlərilə geosiyasi razılaşmalar, yaxud Ermənistanın son 100 ildə öz tarixi müttəfiqinə qarşı düşmən kəsilməsindən ölkəmizin peşəkarlıqla istifadə etməklə qazanıldığını yazırlar. Belə iddiaçılar unudur ki, hər bir siyasi lider təkcə hərbi meydanda deyil, ilk növbədə, dövlətlərarası münasibətlər sistemində tərəfdarlar qazanmaqla, neytralları dost, düşmənləri loyal etməklə müharibə qərarını verir. Amerika kimi güclü bir dövlət Əfqanıstanın üzərinə 49 ölkənin koalisiyası, 168 minlik beynəlmiləl ordu ilə getmişdi. İndi Azərbaycan dövləti Qarabağda 30 illik hərbi cinayət törədənlər, millətimizə sonsuz bəlalar yaşadanlar üzərində Haaqa tribunalını təşkil edir. Vardanyan, Babayan, Mnatsakanyan və 300 qədər şəxsi ədalət mühakiməsi gözləyir", - Milli Məclisin üzvü qeyd edib.
Z.Oruc vurğulayıb ki, düzdür, “etnik təmizləmə” ittihamı ilə, birgəyaşayışa zərbə vurmaq, ölkəmizə qarşı beynəlxalq sanksiyalara nail olmaq, kütləvi köç edən ermənilərin sayını süni artırmaqla humanitar yardım və təzminat qazanmaq, birlikdə yaşamın mümkünsüzlüyünə dünyanı inandırmaq, bölgəyə beynəlxalq missiyaları gətirmək və nəhayət, Kosovoda olduğu kimi “xilas üçün ayrılma” modelini işə salmaq Ermənistanın son planıdır: "Əfqanıstanda, Suriyada, Liviyada qaçqınların acılarını işıqlandırmayan Qərb mediası hər gün dünya miqyasında Qarabağ ermənilərinin xeyrinə kampaniya aparır. Halbuki ermənilərin kütləvi köçü Ermənistanda hakimiyyətə qayıtmağa çalışan keçmiş prezidentlərin siyasi planıdır, özünü ləğv edən Qarabağ rəhbərliyinin birbaşa göstərişidir. Qarşıda bizi Qələbəmizi müdafiə etmək üçün şərəfli və uzunvədəli mübarizə gözləyir. Lakin inanırıq ki, işğalı aradan qaldıran millət bu vəzifənin də öhdəsindən gələcəkdir".