Qanun Layihələri 18 May 2021, 17:44 | Baxış sayı: 269
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Milli Məclisin 2021-ci il  mayın 4-də keçirilmiş iclasında digər layihələr ilə yanaşı həmçinin aşağıdakı 2 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında;
  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə.

Bu qanun layihələrinin meydana gəlməsinə səbəb (daha doğrusu təkanverici qüvvə) Konstitusiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarı olmuşdur. Belə ki, həmin qərarda müəyən edilmişdir ki, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normalar, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarını əks etdirən normalar qanunveriiclikdə yoxdur və buna görə də müvafiq qeyri-müəyyənliklər meydana gəlir. Konstitusiya Məhkəməsi bu qərarı ilə Milli Məclisə tövsiyə etmişdi ki, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının müvafiq qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimləsin. Məhz bu tövsiyələrə əsasən yuxarıda adı çəkilən 2 qanun layihəsi hazırlanıb.

Bəs bu qanunlar mövcud problemləri necə həll edəcək?

Hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların yoxluğu problemi artıq öz həllini tapacaq. Qanunvericilikyə artıq konkret olaraq bu məsələnin tənzimlənmə mexanizmi daxil edildi. Belə ki, təcrübədə qeyri-müəyyənlik yaranırdı ki, təkrar hərrac zamanı ipoteka saxlayan əmlakı əldə etdikdə vergini ödəməlidir ya yox (və ya necə ödəməlidir). Dəyişikliyə əsasən əgər vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak təkrar hərrac zamanı ipoteka saxlayan tərəfindən əldə edildikdə, Vergi Məcəlləsinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulacaq. Beləliklə müvafiq halda verginin kimdən tutulacağı müəyyən edildi. Təcrübədə həmçinin belə bir problem də var idi ki, ipoteka saxlayandan həmin əmlakı  gələcəkdə satdığı zaman eyni bir əmlaka görə iki dəfə vergi tutula bilərdi. Qanunvericilik bu məsələni də həll etdi və ortaya belə bir mövqe qoydu ki, əgər ipoteka saxlayan verdiyi kredit üzrə ödənilməyən əsas borcun dəyəri həddində olan həmin əmlakı (hansını ki, təkrar hərracda əldə edib) gələcəkdə satacaqsa ondan vergi tutulmayacaq.

Qanunvericilikdə həmçinin bu məsələ də dəqiqləşdirildi ki, əgər ipoteka qoyan fərdi sahibkardırsa onda ipoteka predmeti ipoteka saxlayan tərəfindən təkrar hərracda əldə edilərsə və həmin ipoteka predmeti kredit borcundan aşağı olarsa, vergi həmin fərdi sahibkar tərəfindən ödəniləcək (bu zaman hərrac təşkilatı vergi orqanına bu barədə məlumat verəcək). İpoteka predmetinin qiyməti kredit borcundan yuxarı olduğu halda isə, eyni misalda vergi ipoteka saxlayan (yəni həmin əmlakı əldə edən) tərəfindən ödəniləcək.

Müvafiq layihələr daha bir problemi həll etmiş olacaq. Belə ki, qanunvericilikdə təkrar hərracın baş tutmaması zamanı ipoteka saxlayan tərəfindən ipoteka predmetini əldə etməyə verilmiş razılığın hansı formada rəsmiləşdirilməsi öz əksin tapmamışdır. Beləliklə, qanunvericilikdə bununla bağlı konkret norma olmadığıdan bəzi hallarda ipoteka saxlayana təklif olunan əmlak təhvil-təslim sənədi əsasında rəsmiləşdirilidi, bu isə həmin əmlaka hüquqların rəsmiləşdirilməsini çətinləşdirirdi, çünki qanunvercilikdə yalnız qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlaka hüququn qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə bu normanının olduğu yerlərə yeni hissə (habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol) əlavə edildi. Beləliklə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi müqavilə qüvvəsinə malik olan protokol ilə rəsmiləşdiriləcək.

Xəbərlər